https://innews.media/uploads/news/2025-02/_innews_19b99832eaea5e6e6f5b639b6_o.jpg
Fevralın 17-də Bakı Slavyan Universitetində (BSU) “Tələbə platforması layihəsi çərçivəsində “Azərbaycan Gənclərinin Yüksəlişi” mövzusunda tədbir keçirilib. Tədbirdə Gənclər və idman nazirinin müavini, ”Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin qalibi, BSU-nun məzunu Turxan Süleyman, “Pasha Real Estate” in Təşkilati İnkişaf direktoru, “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Nəzərova iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərin liderlik, strateji idarəetmə, innovativ yanaşmalar və karyera inkişafı sahələrində bilik və bacarıqlarının artırılmasına elmi əsaslarla töhfə vermək olub. Müzakirələr zamanı əmək bazarının tələbləri, gənclərin peşəkar inkişaf strategiyaları və idarəetmə sahəsində müasir yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
BSU-nun tələbəsi Cəfər Əliyevin moderatorluğu ilə keçirilən tədbirdə universitetin rektoru Anar Nağıyev iştirakçıları salamlayaraq, “Azərbaycan Gənclərinin Yüksəlişi” tələbə platformasının universitetin tələbələri tərəfindən irəli sürülən mühüm bir təşəbbüs olduğunu vurğulayıb. O, bu təşəbbüsün ali təhsil müəssisələrində innovativ düşüncə, liderlik və strateji idarəetmə bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini qeyd edib və onun müasir dövrdə gənclərin intellektual və peşəkar inkişafı baxımından əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb. Rektor çıxışında əmək bazarının dinamik tələblərinə uyğun olaraq ali təhsil sistemində çevik və müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayaraq, bu kontekstdə “Yüksəliş” müsabiqəsinin roluna toxunub. A. Nağıyev bildirib ki, BSU və “Yüksəliş” müsabiqəsinin işçi qrupu arasında qurulan əməkdaşlıq çərçivəsində 2023-cü ildə bir sıra ixtisaslaşdırılmış təlimlər təşkil edilib və bu təlimlər gənclərin peşəkar inkişafına mühüm töhfə verib.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxışında BSU-da son illərdə həyata keçirilən islahatlar və innovativ təşəbbüslər nəticəsində ali təhsil müəssisəsində müasir və yaradıcı mühitin formalaşdığını vurğulayıb.
F. Hacıyev müasir dövrdə peşəkar inkişafın əsas şərtlərindən biri kimi şəbəkələşmənin (networking) və şəxsi bacarıqların sistematik təkmilləşdirilməsinin vacibliyini qeyd edib. O, qloballaşan əmək bazarında rəqabətqabiliyyətli kadrların formalaşması üçün gənclərin müasir idarəetmə metodlarını mənimsəməli olduqlarını vurğulayıb.
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin qalibi, BSU-nun məzunu Turxan Süleyman və “Pasha Real Estate”in Təşkilati İnkişaf direktoru, “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Nəzərova tələbələrlə öz peşəkar təcrübələrini bölüşərək onların karyera inkişafına dair dəyərli tövsiyələr veriblər. Müzakirələr zamanı natiqlər “Yüksəliş” müsabiqəsinin mahiyyəti, məqsədləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat təqdim ediblər. Onlar gəncləri yeni biliklərə və innovativ yanaşmalara açıq olmağa, öz potensiallarını maksimum dərəcədə reallaşdırmağa təşviq ediblər.
Tədbir çərçivəsində tələbələr üçün “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı barədə təqdimat keçirilib. Təqdimatda proqramın məqsədləri, iştirakçılara verdiyi imkanlar və karyera inkişafına töhfəsi ətraflı şəkildə izah edilib.
Sonda iştirakçılar innovativ düşüncə, liderlik və uğur strategiyaları ilə bağlı suallar ünvanlayaraq natiqlərin tövsiyələrini dinləyiblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin