İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində AKM tərəfindən Peşə Təhsili Mərkəzində aşağıdakı fəaliyyətlər həyata keçiriləcək:
- İnformasiya kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində keçirilən fənlərin sillabusları dəyərləndiriləcək, yeni mövzular təklif olunacaq və müasir tələblərə uyğun olaraq yenilənəcək.
- Müəllimlər və tələbələr üçün kompüter sistemlərində proqramlaşdırma, İnformasiya Kommunikasiya Texnologiyaları və Kibertəhlükəsizlik sahələrində müxtəlif seminarlar, təlimlər və vörkşoplar təşkil ediləcək.
- Təhsil alan tələbələrin bir hissəsinin istehsalat təcrübəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil ediləcək və bu proses üçün müvafiq imkanlar araşdırılacaq.
- AKM mütəxəssisləri tərəfindən tələbələrə həm əyani, həm də distant formada mühazirələr və seminar məşğələləri keçiriləcək, zəruri hallarda mütəxəssislər tədris prosesinə müəllim kimi cəlb ediləcək.
- Praktiki dərslərdə AKM-in mütəxəssisləri və Agentliyin əməkdaşları birgə iştirak edəcək, tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar öyrədiləcək.
- Mərkəzin laboratoriya imkanlarının yetərsiz olduğu hallarda praktiki təlimlər AKM-in resurslarından istifadə edilməklə təşkil ediləcək.
- AKM-in İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində təlim proqramında iştirak edən tələbələrə uyğun dərslər üzrə kreditlərin tanınması təmin ediləcək.
- Tələbələrin təhsil aldıqları müəssisələrdə “Kiber Klublar”ın yaradılmasına dəstək veriləcək, həmçinin bu klubların fəaliyyət planlarının hazırlanması həyata keçiriləcək.
Qeyd edək ki, “Beyin Mərkəzi” layihəsi, ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalının təhsil və peşəkar hazırlıq səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Layihə, ali və peşə təhsil müəssisələri ilə əməkdaşlıq edərək, tələbələr və müəllimlər üçün kibertəhlükəsizlik üzrə qlobal bazarın ən son trendlərini və müasir tendensiyalarını tədris prosesinə inteqrasiya etməyi hədəfləyir. Eyni zamanda, müasir təlim avadanlıqları quraşdırılır, virtual laboratoriyalar yaradılır və tələbələrin peşəkar təcrübə qazanması üçün şərait təmin edilir. Layihə çərçivəsində həmçinin universitetlərdə kiber klublar təsis edilir, əmək bazarının tələbləri öyrədilir və bu biliklər tədrisə uyğunlaşdırılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin