Canlanır gözümdə xatirələrin,
Dolur ürəyim, boşalır gözlərim.
Düşdükcə yadıma isti əllərin,
Könlümü yandırır sənli günlərim.
Bilirəm, itirmişəm özüm səni,
Olmadığım qədər peşmanam indi.
Qaytararmı görəsən sözüm səni?
Yoxluğunda susmuş könlüm də dindi.
Tapardı gülüşlərimiz bir-birin,
Qəlbimi susqunluq indi parçalar.
İnsan necə unudar öz sevdiyin?
Fikirlər beynimi mərmitək yarar.
Hər kəlmə bir yara, hər baxış sızı,
Bəlkə, sözlərim sənə zərbə oldu.
Cismim əlindədi öldür qansızı,
Bəlkə də, yaranı saran bu oldu.
Dostluğa inancım hələ də qalır,
Gəl, ilk günkü kimi bərk tut əlimdən.
Deyəsən, yollar bizi ayrı salır,
Qoy, həsrət buludu yan keçsin bizdən.
Bilmədiyim varsa, söylə əzizim,
Birlikdə həll edək, ortaq yol tapaq.
Səni itirməyə dözmür ürəyim,
Əvvəlkitək qapıları bir açaq.
Küssək də unutmaq olmur keçmişi,
Birgə keçdiyimiz yolları, anı.
Qəlbimi yandırır həsrət keşişi,
Verdiyim dəyərlər indi hanı?
Gəl, doğruları danışaq səninlə,
Səhvimi bir an da danmamışam mən.
Evinə dikildim barış mənimlə,
Verdiyin cəzadan qaçmamışam mən.
Bu qədər səyimi sən görməz oldun,
Bəlkə də, görməzdən gəlmək istədin.
Necə asanlıqla məndən soyudun?
Mənsizliyi yəqin çoxdan istədin.
Gedəcəyini bilirdinsə, əgər,
Niyə ümid verib, dostum deyirdin?
Bu qədərmi dəyərsizəm məgər?
Bəs sən məni hər kəsdən çox sevirdin?
Həyatda ilk dəfə ümidləndim mən,
Ki, məni də sevən dostum olacaq.
Demək ki, boşuna sevinmişəm mən,
Deyəsən, arzum da yarım qalacaq.
Səncə də çox qəddar davranmadınmı?
Məni bu qədər üzmək nəyə gərək?
Səhvimi anladım, inanmadınmı?
Bu qürurun sənə edərmi kömək?
Bilirəm, sevirsən, sən də mənimtək,
Gəl, əl çək bu daşı tök ətəyindən.
Kim sevə bilər ki, səni mənimtək?
Yıxılanda tutacaqlarmı əlindən?
Sən istəmədin yanında olum mən,
Bunun üçün məcbur uzağam sənə.
Yenə ilk günkü kimi sevirəm mən,
Gəl desən indi də qaçaram sənə.
Səni sevməkdən yox, səndən vazkeçdim,
Hələ ürəyimdən bir parçasan sən.
Sən deməsən inan, mən getməzdim,
Yenə qəlbimin ən dərinindəsən.
Varmı bizi bizdən yaxşı anlayan?
Axı heç kəsin canı biztək yanmır.
Nə sənə, nə də mənə olmaz həyan,
İnan, bizi biztək kimsə (heç kəs) anlamır.
Mən atıram qüruru bir kənara,
Son dəfə sənüçün addım atıram.
Gəl, sən də inadı qoy bir kənara,
Yetər artıq sənsizliyi dadıram.
Bir şeyi istərəm dəqiq biləsən,
Sənə uzaq olsam, yenə yaxınam.
Tək çağrınla yanındayam biləsən,
Mən sənin canında bir ayrı canam.
Əgər desən "ehtiyacım var sənə",
Əlim qanda olsa yenə yetərəm.
Bilsəm ki, dırnağın qanıyır belə,
Gəlib yenə də nazını çəkərəm,
Gəl barışaq bir də belə etmərəm,
Söz, səni ilk günkü kimi sevərəm.
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin