Birinci kursun ikinci semestri… Mənim həyatımı dəyişdirən yarımil.
Birinci kursun ikinci semestri ilk dərs idi. Universitetə gəldiyimiz ilk gün bizə “ustad” kimi təqdim edilən qocaman müəllim Cahangir Məmmədlinin dərsi. Jurnalistikaya marağım olmadığı üçün tədris edilən fənnlərə ötəri yanaşırdım. Amma Cahangir müəllimin üslubu və metodikası mənim bu sahəyə baxış bucağımı dəyişdirdi. İlk dərsin təəsüratları ilə ikinci dərsi iplə çəkirdim. İkinci dərsdə Cahangir müəllimi dinləyir, suallarına cavab verməyə çalışırdım və bu onun diqqətindən yayınmadı. Mənə sual verdi:
- Müasir dövrdə televiziyada jurnalist etikasına yaraşmayan hansı hadisələrin şahidi olmusan? – Cahangir müəllimin sualına, apardığım müşahidələr əsasında jurnalist etikasına yaraşmayan bir iki televiziya verilişindən nümunə gətirdim.
- Bəs bunları yazıya niyə çevirmirsən? – deyə yenidən sual verdi.
- Müəllim, mənim yazdığımı kim oxuyar ki?
- Mən!
O gün keçən bu dialoq mənim həyatımın istiqamətini təmamilə dəyişdi. Bu kiçik, sadə dialoqdan keçirdiyim həyəcan və qürur hissini ifadə etmək çətindir. İlk yazımı yazdım və böyük həyəcanla Cahangir müəllimin yanına getdim. Yazımı oxudu, fikirlərini, səhvlərimi bildirdi. Məktəbdə müəllim mənə qələm tutmağı necə öyrtmişdisə, Cahangir müəllimdə o qələmdən istifadə etməyi, ancaq düzgün istifadə etməyi öyrətdi. Mən bugün fəxr hissi ilə deyirəm ki, məni bu sahəyə həvəsləndirən rol modelim Cahangir Məmmədlidir.
Cahangir Məmmədli Azərbaycan jurnalistika tarixində öz qələmi, sözü ilə seçilən publisistimizdir. Onun qələmə aldığı hər sətir, dediyi hər fikrin arxasında illərin dərin təcrübəsi dayanır. Cahangir müəllim çox təvazökar olsa da bugün mən, onun haqqında təvazökarlığı kənara qoyaraq danışacam.
Jurnalistikamızın generalı Cahangir Məmmədli
Cahangir müəllim bütün tələbələrin sevimlisidir. O, öz tələbələrinə yalnız müəllim yox, səmimi bir dost, qayğıkeş bir valideyn kimidir. Onun dərsləri auditoriyada müzakirələrə zənginlik gətirir, hər birimizə fərdi yanaşma göstərərək onların inkişafına dəstək olur. O bizə tək jurnalistikadan yox həm də həyatdan dərs keçir. Cahangir müəllimin jurnalistika fakültəsində xüsusi bir hörmət mühiti yaradır.
Cahangir Məmmədli həm də Azərbaycan jurnalistikasının qızıl fondunda xüsusi yeri olan, imzası ilə seçilən alimdir. Onun 60 illik elmi fəaliyyəti ərzində qələmə aldığı məqalə və kitablar təkcə Azərbaycan jurnalistikası üçün deyil, bütövlükdə ölkənin mədəni-sosial həyatı üçün mühüm töhfədir. Onun əsərləri öz dərin analitikası, elmi dəqiqliyi və publisistik üslubu ilə seçilir. Hər bir məqaləsində faktlara söykənən müdriklik və yazı mədəniyyəti hiss olunur. Cahangir müəllimin əsərləri həm tələbələr, həm də jurnalistika ilə maraqlanan geniş oxucu kütləsi üçün əvəzedilməz mənbədir. Çünki onun müəllifi Cahangir Məmmədlidir. Onun qələmə aldığı hər sətrin arxasınca uzun illərər dayanan təcrübə və peşəkarlıq dayanır.
Cahangir müəllimlə şəxsi münasibətim mənim üçün xüsusi bir məna daşıyır. Bizim aramızda yalnız müəllim-tələbə münasibəti deyil, eyni zamanda səmimi bir doğmalıq var. Onunla saatlarla davam edən söhbətlərimiz həm elmi müzakirələr, həm də şəxsi həyat dərsləri ilə zəngin olub. Bu söhbətlərdə onun nə qədər dərin düşüncəli və səmimi insan olduğunu bir daha görmək mümkün olur. O, təkcə elmin yox, həm də həyatın incəliklərini bölüşərək hər kəs üçün mənəvi bir mentor olur. Mən dərs auditoriyalarından çox Cahangir Müəllimin otağında oluram. Hətta deyərdim ki, qocaman professordan öyrəndiklərim, mənim üçün auditoriyada öyrəndiklərimdən də dəyərlidir.
Müasir dövrdə öz saf duyğularını qorumaq, onları səmimiliklə ifadə etmək, bir sözlə bütün mənəvi keyfiyyətlərə sahib insan olmaq, olduqca çətindir. Lakin Cahangir müəllimin insanlıq keyfiyyətləri onu yalnız alim və müəllim kimi deyil, həm də bir şəxsiyyət kimi zirvələrə ucaldır. Onun tələbələrə və həmkarlarına qayğısı, ədalətli və prinsipial mövqeyi, hər kəsə hörmətlə yanaşması onun qəlbinin böyüklüyünü göstərir. Fakültədə hər birimiz ona təkcə müəllim kimi yox, həm də ailəmizin üzvü, ağsaqqalımız kimi baxırıq.
Cahangir Məmmədli yalnız bir müəllim və alim deyil, həm də səmimiyyətin, dostluğun və müdrikliyin simvoludur. Onun varlığı, məsləhətləri və töhfələri bizi daha yaxşı insan olmağa təşviq edir.
Doğum gününüz mübarək Jurnalistikamızın generalı!
Ayhan Ağarzayev
Ən son xəbərləri səhifəmizdən də izləyin