Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə maliyyə sanksiyası tətbiq edib.
Bu barədə innews.media AMB-dən məlumat əldə edib.
Bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur.
Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15.10.2024 - 14.11.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “Azərbaycan Beynəlxalq Bankı” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı 272 343.69 manat (iki yüz yetmiş iki min üç yüz qırx üç manat altmış doqquz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin