https://innews.media/uploads/news/2024-12/_innews_2af5990067c34a7fc47c64999_o.jpg
Akademik Şahin Mustafayev Fransada “İrs və mədəniyyətlərarası mübadilə: İpək Yolları boyunca memarlıq, abidələr və şəhərçilik” adlı tədbirdə çıxış edib
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Parisdə YUNESKO-nun təşkilatçılığı ilə keçirilən “İrs və mədəniyyətlərarası mübadilə: İpək Yolları boyunca memarlıq, abidələr və şəhərçilik” adlı tədbirdə iştirak edib.
Mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqun təşviqi təşəbbüsünün bir hissəsi olan toplantı dünyanın hər yerindən ekspertləri bir araya toplayıb.
Tədbir çərçivəsində “İpək Yolları boyunca mədəni mübadilələrin tematik kolleksiyası” seriyasından “Memarlıq, abidələr və şəhərçilik” adlı kitabın ikinci cildinin təqdimatı olub.
YUNESKO-nun bu layihəsinin iştirakçısı və sözügedən nəşrin bir hissəsinin müəllifi akademik Şahin Mustafayev “Azərbaycanın divarlı Bakı şəhəri” adlı bölmədə əsas anlayışları təqdim edib. O, çıxışında Bakı şəhərindən, onun ticarət və mədəni qarşılıqlı əlaqə mərkəzi kimi rolundan, eləcə də unikal memarlıq və tarixi irsindən danışıb.
Hollandiya, İngiltərə, Azərbaycan, Misir, Qazaxıstan, Çin, Özbəkistan, İtaliya və Fransadan olan ekspertlər nəşrin məzmununu müzakirə etmək və tarixi qarşılıqlı əlaqələri, onların müasir mədəniyyətlərarası dialoqa təsirini araşdırmaq və yeni elmi yanaşmaları təqdim etmək üçün bir araya gəliblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin