Xalq artisti Qurban İsmayılov kino-teatr sahəsindəki qonorarlardan və öz dolanışığından danışıb.
innews.media xəbər verir ki, sənətçi bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.
O bildirib ki, qonorarların yüksəlməyini istəyər:
“Bunun günahı heç kimdə deyil. Mən minnətdaram ki, içi mən qarışıq bütün Xalq artistlərinə ev verilib. Bu evlərin qiyməti, təmirsiz halda 100 min manatdır. Hələ yerinə görə, baha olanı var. Mən Yasamalda qalıram. Çox sağ olsunlar. Dünyanın heç bir yerində belə şey yoxdur. Təbii ki, başa düşürlər ki, şərtlər çətindir, kömək edirlər. Mənə 2013-cü ildən maaşımdan əlavə Prezident mükafatı verilirdi. Məbləği də 500 manat idi. Keçən ildən cənab Prezidentin Fərdi təqaüdünü alıram. Çox sağ olsunlar. Bunun nə yaşa görə alacağım təqaüdə aidiyyəti var, nə də maaşa. O ki qaldı qonorar. Razıyam ki, qonorar yüksək olsun. Bir şey də fikirləşək, bizdə kino biznesə çevrilibmi? Yox. Komediya filmlərinə çəkilən aktyorlar var idi, onlar yaxşı pul alırdılar. Çünki pul gətirirdilər. İndi dövlətimiz az-çox pul ayırır. Desəm ki, Rusiyadakı kimi günümə 3 min verin, bu, düz deyil. Onda belə çıxır ki, o biri aktyorların boğazından kəsib mənə verməlidilər. Ya da hamısını verməlidirlər. Deyirlər, orada müəyyən şeylər olur, pul filan. Ola bilsin ki, olsun, məhkəmə deyiləm, heç kimi günahlandıra bilmərəm. Gərək əlimdə fakt olsun ki, filankəs, filan qədər pul yedi deyə bilim. Bəzən özəl kino çəkənlər olur. Burada da müəyyən şikayətlərimiz yaranır. Hərdən fikirləşirəm ki, özəl çəkir, kiməsə ağız açır. Mən edə bilmərəm bunu. Amma o edir, bəlkə də həmin adam kabinetdə onunla kobud danışır, lakin o, dözür. Biz də deyirik ki, filankəs sənə pul verir, bizə payla. Necə? O gedib orada alçalır, boyun əyir ki, pulu sənə paylasın? Adamlar da var ki, insafsızca hərəkət edirlər, pul var, aktyora vermir, özünə maşın, villa alır. Bu, əvvəl-axır o adamın burnundan gələcək. Aktyorun sənət adamının, insanın pulunu yemək olmaz. Sən pulun 90 faizini özünə götür, 5 faizini camaata ver. Axı hər şey halallıqla olmalıdır. Bölüşmək lazımdır ki, həm sonra qazana biləsən, həm də halalın olsun. Bu adamlar azdır, bizim sahədə də hamı onları tanıyır, bilirlər ki, nə cür yeyirlər. İnsafsızlıqdır. Bizim elə böyük seçimimiz yoxdur. Belə şey olmaz, Allah götürməz. Bu gün sənin burnundan gəlmirsə, sabah övladının burnundan gələcək”.
Ən son xəbərləri səhifəmizdən də izləyin