Varyox.az tərəfindən təşkil edilən “EU4Culture” İncəsənət Festivalı 3-4 dekabr 2024-cü il tarixlərində Bakıda yerləşən Kapellhausda keçiriləcək. İki gün davam edəcək tədbir Şərq Tərəfdaşlığı regionunda yaradıcılığı, mədəni müxtəlifliyi və mədəniyyətlərarası mübadiləni təşviq edən Azərbaycanın və digər ölkələrin rəssam və mədəniyyət nümayəndələrini bir araya gətirəcək.
Festival sosial inkişafda yaradıcılığın rolunu vurğulamaq məqsədi daşıyan tamaşalar, vorkşoplar və müzakirələr üçün unikal platforma təklif edir. İnklüziv çıxışlar və incəsənətin cəmiyyətə təsiri ilə bağlı panel müzakirələri vasitəsilə festival mədəni, sosial və ətraf mühit məsələlərini müzakirə etməyi hədəfləyir.
1-ci gün: 3 dekabr 2024-cü il – Beynəlxalq Əlillər Günü
Saat: 18:30-21:00
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun çıxışı ilə festivalın açılış mərasimi keçiriləcək.
Gecədə DanceAbility-dən Nigar Yıldırım və gürcü komandası Maka-InForm tərəfindən inklüziv rəqs performansları nümayiş etdiriləcək. Həmçinin EU4Culture Milli Koordinatoru Firuzə Bağır proqramın əsas məqamlarını işıqlandıran layihə təqdimatı ilə çıxış edəcək. İştirakçılar azərbaycanlı musiqiçi İbrahim Babayev və vizual rəssam Teymur Əmirxanovun birgə çıxışını dinləyəcəklər.
2-ci Gün: 4 dekabr 2024
Saat: 15:00-20:00
Festivalın ikinci günü müxtəlif yaradıcı və interaktiv sessiyalar keçiriləcək. Proqrama gənc iştirakçıların dayanıqlı moda haqqında öyrənəcəyi dizayner Aysel Sadıqovanın eko-moda vorkşopu və DanceAbility-dən Nigar Yıldırımın rəqsin yaradıcı potensialına dair rəhbərlik etdiyi rəqs vorkşopu daxildir. Ikinci gün Əfsanə Tahirovanın moderatorluğu və Səbinə Şıxlinskaya, Zərif Bəkirova, Cahangir Səlimxanov və Ayna Moazzenin iştirakı ilə "İncəsənət dəyişikliyə səbəb ola bilərmi?" adlı panel müzakirəsi ilə davam edəcək. Festival içki və qəlyanaltıların müşayiəti ilə Ahmedovski Trio-nun yekun çıxışı və Svitlana Jitnianın rəqəmsal incəsənətin müalicəvi gücü haqqında təqdimatı ilə yekunlaşacaq.
EU4Culture və Festival Haqqında
“EU4Culture” İncəsənət Festivalı sosial və iqtisadi inkişafa təkan vermək üçün yaradıcılığı təşviq edən EU4Culture təşəbbüsünün bir hissəsidir. Festival həm yerli, həm də beynəlxalq rəssamları bir araya gətirərək mədəni mübadilə, yaradıcılıq və inklüzivliyin vacibliyini vurğulayır. Bu yanaşma EU4Culture-un incəsənət vasitəsilə gender bərabərliyi, ekoloji dayanıqlılıq və sosial birlik kimi məsələlərin həlli məqsədini dəstəkləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin