Layiqli əməyin təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyasını, o cümlədən keçən il “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib.
BƏT-lə fəal əməkdaşlıq təcrübəsinə malik olan ölkəmiz əmək və məşğulluq sahəsində öz milli qanunvericiliyini həmin sənədlərdən irəli gələn yanaşmalara uyğun təkmilləşdirib. Bu gün ölkəmizin Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Müəssisənin mülkiyyətçisi və işəgötürəninin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu vurğulanır.
Həmçinin Məcəllədə minimum əməkhaqqı ilə bağlı normalar, o cümlədən işçinin minimum əmək haqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququnun olduğu əksini tapıb. Onu da bildirək ki, ölkəmizdə aparılan minimum əmək haqqının mütəmadi artımı təmin edilir. Son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində də minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əmək haqqı fondu 3 dəfə artıb.
Milli qanunvericilikdə işçilərin məzuniyyət hüququna da xüsusi yer verilir. Qeyd olunur ki, işçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Gender bərabərliyinin təmin olunması, əmək münasibətlərində ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi və s. ilə bağlı da qanunvericilikdə beynəlxalq normalardan irəli gələn prinsiplər əksini tapıb.
Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan, biznes reytinqlər baxımından da önəmli olan vacib mövzularla bağlı https://sosial.gov.az/faydali/aciq-melumatlar/biznes-reytinqler-baximindan-emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler linkindən də məlumat almaq olar.
Ən son xəbərləri səhifəmizdən də izləyin