Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Kitabxanada təşkil olunan tədbirdə “Şirvanşahların mininci ili” kitabının Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyətinin maliyyə dəstəyi ilə nəşr olunan türkcə nəşrinin təqdimatı keçirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək Şirvanşahlar dövlətinin irsinin qorunması üçün Azərbaycan dövlətinin gördüyü işlər barədə danışıb. Səfir, təqdim olunan kitabın Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinin Türkiyədə də tanıdılmasında önəmli bir addım olduğunu bildirib.
Kitabı nəşr edən “İrs” nəşriyyat evinin Baş redaktoru Musa Mərcanlı çıxışında kitabın hazırlanması prosesindən danışıb, Azərbaycan tarixi və mədəniyyətinin Türkiyədə tanıdılması layihələrinin davam edəcəyini bildirib.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov çıxış edərək, bu önəmli layihəyə dəstək verilməsindən məmnunluq ifadə edib, “Paşa Həyat Sığorta” ASC-nin Azərbaycan tarixi və mədəniyyətinə işıq salan bu kimi layihələrə dəstək verməyə davam edəcəyini qeyd edib.
Tədbirin panel hissəsində Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, tarixçi alim Toğrul İsmayıl çıxış edərək, ilk türk müsəlman dövlət olan Şirvanşahlar dövlətinin yaranmasından, onun Azərbaycan tarixində rolundan və hazırda ölkəmizdə Şirvanşahlar dövlətinin izləri haqqında danışıb.
Qazi Universitetinin professoru Mehmet Ali Çakmak çıxışında Şirvanşahlar dövlətinin türk-islam dünyasındakı yerinə və təqdim olunan kitabın akademik perspektivinə toxunub.
Hacı Bayram Vəli Universitetinin tarix fakültəsinin dosenti Alper Alp türk dövlətçilik tarixi haqqında məlumat verib, Şirvanşahlar dövlətinin Anadoluda yaranmış dövlətlərlə əlaqələrindən danışıb.
Qazi Universitetinin müəllimi Sinan Dəmirtürk Şirvanşahlar dövlətinin yaratdığı dövlətçilik ənənəsinin müasir Azərbaycanda və türk dünyasında rolu barədə fikirlərini bölüşüb.
Tədbir bitdikdən sonra Azərbaycanın Türkiyədəki Səfirliyi kitab təqdimatına ev sahibliyi edən Milli Kitabxanaya Azərbaycan Guşəsi üçün çox sayda kitablar hədiyyə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin