Noyabr ayının 24-də Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda 11-ci plenar sessiyasının açılış mərasimi keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov açılış mərasimində çıxış edib.
Dövlət Komitəsinin sədri çıxışında müasir dünyada getdikcə dərinləşən böhranın bəşəriyyətin mövcudluğuna ciddi təhlükələr yaradan problemləri ortaya çıxardığını, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin olduğunu bildirib. Eyni zamanda ideoloji məzmunlu mübarizə, etnik-dini zəmində münaqişələr və qütbləşmələrin, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlərin bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyduğunu diqqətə çatdırıb.
Komitə sədri, həmçinin, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq dəyərini və sülh mədəniyyətini təbliğ etməyin mühüm amillərdən biri olduğunu vurğulayıb. Ramin Məmmədov qeyd edib ki, dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə, dinlərarası dialoqa və multikulturalizmə həsr olunan beynəlxalq forumlara evsahibliyi edib. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır.
Dövlət Komitəsinin sədri çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti haqqında da məlumat verib. Bildirib ki, sammit vasitəsilə dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, ərzaq çatışmazlığı və bu kimi digər qlobal problemlərin həllində nüfuzlu dini liderlərin çağırışları əhəmiyyətli rol oynayacaq.
Ramin Məmmədov Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci Plenar sessiyasının sabit və dayanıqlı gələcək naminə qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.
Sessiya çərçivəsində, Dövlət Komitəsinin sədri Kamboca Krallığı Senatının prezidenti, keçmiş baş nazir Hun Senlə görüşüb. R.Məmmədov görüşdə ölkəmizdəki dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Kamboca Krallığı Senatının prezidenti Hun Sen Azərbaycanın dünyada tolerant imicə malik olduğunu, mədəniyyətlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanındığını qeyd edib. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin