Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk dövlətlərinin mediatorlarının 1-ci qurultayı keçiriləcək. Beynəlxalq qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.
N.Adilov bildirib ki, qurultayda 16 ölkədən 500 mediatorun iştirakı gözlənilir. Azərbaycan Respublikası tədbirdə Mediasiya Şurasının üzvü olan 85 peşəkar mediatorla təmsil olunacaq: “Biz qurultayda ən böyük tərkiblə təmsil olunan ölkəyik. Qurultay çərçivəsində noyabrın 28-i bütünlüklə Azərbaycana və onun nümayəndə heyətinə həsr olunacaq. Belə ki, həmin gün Azərbaycanı təmsil edən mediatorlar Ümummilli Lider Heydər Əliyevin Ankarada yerləşən abidəsini ziyarət edərək xatirəsini yad edəcəklər. Daha sonra isə azərbaycanlı mediatorlar Ankara Medipol Universiteti və Yıldırım Bəyazid Universiteti tərəfindən təşkil olunmuş seminarlara qatılaraq müvafiq sertifikatlar əldə edəcəklər”.
Onun sözlərinə görə, noyabrın 28-də axşam saatlarında isə Azərbaycanı təmsil edən mediatorların dəstəyi ilə Ankarada “Qarabağ gecəsi” təşkil ediləcək: “Bu gecədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın ruhu yad ediləcək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımız barədə videomateriallar nümayiş olunacaq. “Qarabağ gecəsi”ndə milli musiqilər mediatorlar tərəfindən ifa ediləcək, həmçinin Azərbaycanı təmsil edən musiqiçilər də bu gecəyə əlavə dəyər qatacaqlar”.
Ən son xəbərləri səhifəmizdən də izləyin