Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, mərkəzin müəllim və şagirdləri qatılıb.
Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova Azərbaycanın şanlı qələbəsindən bəhs edərək müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal altında olan torpaqları düşməndən təmizlədiyini xatırladıb.
Tarixçi Əvəzxan İsayev və ədəbiyyatçı Sevda Şahverdiyeva çıxışlarında Vətən müharibəsinin xronologiyasını təqdim edib, həmçinin postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında məlumat veriblər.
Mərkəzin təsisçisi Raul Əliyev şəhidlərimizin canı və qanı bahasına əldə olunan şanlı Zəfərin əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimiz olduğunu bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin