Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə COP29 münasibətilə “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib. Təqdimat çərçivəsində kitabın müəllifləri, - Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və akademik Yusif Məmmədəliyevin qızı, AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva universitetin qonağı olublar.
Tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları universitetdə yaradılmış infrastrukturla tanış edib, qonaqlar Kimya və biologiya fakültəsində yaradılan Y.Məmmədəliyev adına auditoriyada olublar.
Təqdimat mərasimində açılış sözü ilə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov bu il ölkəmizdə keçiriləcək və artıq hazırlıq prosesi yekunlaşmaqda olan dünyamiqyaslı COP29 konfransının əhəmiyyətindən, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən, həmçinin ekoloji maarifləndirmə tədbirlərinin vacibliyindən söz açıb. Prof. Cəfər Cəfərov təqdim olunan kitabın əhatə etdiyi mövzu və istiqamətlərin günün qlobal ekoloji probləmlərinin araşdırılması və həlli kontekstində vacibliyini vurğulayıb, tədris prosesində də bu kitabdan dərs vəsaiti kimi istifadə olunmasının zəruriliyini qeyd edib.
Kitabın müəlliflərindən prof. Nizami Məmmədov əsərin əhatə etdiyi məsələlər haqqında geniş məlumat verib, bəşəriyyətin ekoloji təhlükəsiz inkişafa keçid yolunda olduğunu və ergetika sahəsində yaşıl inqilabın reallaşdırılmasının ekoloji sivilizasiyanın formalaşmasında mühüm nəticələr verəcəyini qeyd edib.
Digər müəllif prof. Sevda Məmmədəliyeva atası akademik Y.Məmmədəliyevlə bağlı xatirələrini paylaşıb, Azərbaycan neft-kimya elmini dünya miqyasında təmsil edən akademik Y.Məmmədəliyevin yaşıl energetikanın inkişafına verdiyi tövhələr barədə danışıb. S.Məmmədəliyeva diqqətə çatdırıb ki, dövrünü bir əsr qabaqlayaraq, 1933-cü ildə Azərbaycanın neft qazlarından alternativ və ekoloji təmiz yanacaq kimi hidrogenin alınması və prosesin sənaye miqyasında tətbiqi onun bu istiqamətdə navator tədqiqatlarından biridir.
ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva çıxışında ölkəmizdə keçiriləcək COP29 tədbirlərinin önəmini vurğulayaraq, qlobal ekoloji problemlərin həllində bərpaolunan və yaşıl enerji layihələrinin Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olduğunu, bu ideyaların illər əvvəl təməlini qoymuş akademik Y.Məmmədəliyevin tədqiqatlarının müasir dövrün tələbləri ilə uzlaşdırılmış şəkildə araşdırılmasının nəticəsi olan kitabın olduqda təqdirəlayiq təşəbbüs oluğunu bildirib.
Fakültənin dekan müavini dos. Bəsti Əsədova Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Sərəncam və müqavilələrdən, dövlətin enerji siyasətində etdiyi dəyişikliklərdən söz açıb.
Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə dekan müavini dos. Kərim Quliyev, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, Analitik və üzvi kimya kafedrasının dosenti Hüsi İbrahimov çıxışlar ediblər.
Qeyd edək ki, prof. Nizami Məmmədov və prof. Sevda Məmmədəliyevanın “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” əsəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin