Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Aİİ-nin və Bakı İlahiyyat Kollecinin (BİK) müəllim-tələbə heyəti iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran Müzəffər Ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşdü, öz qanları bahasına bu qələbəni bizə qazandırdı. Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməsi oldu.
Tədbirdə 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva çıxış edib. O, Anar Əliyevin həyatı haqqında söhbət açıb, şəhidimizin təhsili, yüksək insani keyfiyyətləri və qazandığı nailiyyətləri diqqətə çatdırıb. V.Əliyeva tarixboyu apardığımız bütün mübarizələrin sonunda dövlətimizin suverenliyinin bərpası ilə şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdırıb.
BİK-in direktoru Mehman İsmayılov Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən bəhs edib. M.İsmayılov gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolundan danışıb.
Daha sonra Aİİ-nin “İslamşünaslıq” ixtisası üzrə təhsil alan III kurs tələbəsi, 44 günlük Vətən müaharibəsi iştirakçısı, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunan Turqut Alışov çıxış edib. O, Vətən müharibəsi iştirakçısı olaraq qürur hissi duyduğunu qeyd edib, həmin günlərlə bağlı xatirələrini bölüşüb.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevə həsr olunmuş videosüjet təqdim edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin