logo
Pərvin Kərimzdə: Xalqımız 25 Oktyabrı Qubadlı Şəhəri Günü kimi bayram edir

Pərvin Kərimzdə: Xalqımız 25 Oktyabrı Qubadlı Şəhəri Günü kimi bayram edir

Pərvin Kərimzdə: Xalqımız 25 Oktyabrı Qubadlı Şəhəri Günü kimi bayram edir Pərvin Kərimzdə: Xalqımız 25 Oktyabrı Qubadlı Şəhəri Günü kimi bayram edir

Düz dörd il əvvəl 25 oktyabrda Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yola işıq saldı. 44 günlük Vətən müharibəsində Qubadlı uğrunda gedən ağır döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi uğuru sayəsində zəfərlə başa çatdı, Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə açıqlamasında deyib. O bildirib ki, doğma ocaqlardan didərgin düşən Qubadlı sakinləri 27 il ata-baba yurdlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar. İnanırdılar ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız erməni işğalçılarından azad olunacaq. İnandılar ki, şanlı Azərbaycan Ordusu düşmənin silahlı qüvvələrini diz çökdürəcək, illərdən bəri işğalda qalmış torpaqlarımızı azad edəcək. İnandılar ki, mütləq o gün gələcək, işğala son qoyulacaq. Və 44 Günlük Vətən Müharibəsində gərgin və həlledici döyüşlərdən sonra Qubadlı da erməni işğalçılarından azad olundu. Müzəffər Ali Baş Komandan 25 oktyabr 2020-ci ildə xalqa müraciət edərkən Qubadlı rayonunun düşməndən azad olunması müjdəsini verdi və “Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” dedi.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva torpaqlarımız işğaldan azad edildikdən sonra – 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər, üçrəngli bayrağımızı düşməndən azad edilən bu torpaqlarda ucaltdılar. Oktyabrın 10-u 2021-ci ildə yenidən Qubadlıya səfər edən ölkə Prezidenti cənab İlham Əliyev Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşür.

Qubadlının düşmən işğalından azad olunmasının ikinci ildönümü ərəfəsində, oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixdə Bərgüşad mahalı kimi tanınan bu torpaqlara səfər ediblər. Dövlət başçısı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlini qoyub. Eyni zamanda Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim olunub. İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Baş planda növbəti 20 il ərzində şəhərin ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması nəzərdə tutulub.

2023-cü il mayın 4-də Qubadlıya səfəri zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev burada ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbinin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoydu.

Bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Qubadlının bol məhsullu“Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri, təbii dərman bitkiləri ilə də zəngin torpaqları, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı artıq əsl sahiblərinə qovuşub.

Artıq, xalqımız 25 Oktyabrı qəhrəman şəhidlərin müqəddəs qanı və Azərbaycan Silahlı Qüvvələrinin fədakarlığı hesabına qazanılan qələbədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı Şəhəri Günü kimi bayram edir. Heç vaxt işğalla barışmayan, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyinə inan Azərbaycan xalqının arzusu Qalib Lider cənab İlham Əliyevin dönməz iradəsi sayəsində reallığa çevrildi- deyə Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media