https://innews.media/uploads/news/2022-02/_innews_d8adb753b7917e282161e601a_o.jpg
2 fevral 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) “Azərbaycana şərabı necə ixrac etməli” və “Bolqarıstana şərabı necə ixrac etməli” mövzuları üzrə nümayəndə heyəti qarşısında virtual seminar təşkil edib. Təlimin sonunda iştirakçılar arasında “Bazara giriş, ixrac və beynəlmiləlləşmə” mövzuları üzrə strateji seminar həyata keçirilib və mövzü ilə bağlı müvafiq müzakirələr aparılıb. Seminar “Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi çərçivəsində təşkil olunub.
Görüş AHK Azərbaycanın Biznes Xidmətləri şöbəsinin rəhbəri, cənab Fabian Zittlau və Plovdiv Ticarət və Sənaye Palatasının Biznes Xidmətləri üzrə eksperti, xanım Elena Boyadjiyevanın salamlama nitqi ilə başlayıb.
Seminarın birinci modulunda Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin Ticarət Nümayəndəliyinin Baş müşaviri, cənab Mirzə Ələkbər Babayev “Şərab Avropa İttifaqına/Azərbaycana necə ixrac olunmalı” mövzusu üzrə nitq söyləyib. Daha sonra Azərbaycan Turizm Bürosunun Məhsulların İnkişafı şöbəsinin müdiri, xanım Şərifə Həsənova “Azərbaycanda şərab turizmi” mövzusunda təqdimatla çıxış edib.
RakiaSHOP və ProEx Wine bolqar şirkətlərinin həmtəsisçisi, cənab Svetlin Mirçev Bolqarıstana şərab idxalı və ixracı haqqında çıxış etdikdən sonra WineTours Bulgaria Ltd.
şirkətinin təsisçisi və həmtəsisçisi, xanım Gerqana Todorova və xanım Krassimira Kodukova iştirakçılara Bolqarıstanın şərab turizminin istiqamətləri haqqında geniş məlumat verib.
İclasın yekun hissəsində iştirakçılar “Bazara giriş, ixrac və beynəlmiləlləşmə” mövzusunda müzakirələr aparıb, burada şirkətlər şərab ixracatçıları üçün mövcud imkan və çətinliklər, o cümlədən Azərbaycan və Bolqar şirkətlərinin əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində Azərbaycan şərab ixracatçıları 8-12 mart 2022-ci il tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim etmək şansı əldə edəcək. Proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak da daxildir. Bundan sonra, 14 mart 2022-ci il tarixində AHK Azərbaycan 1-ci Aİ-Azərbaycan Şərab Sammitini və 13-17 mart 2022-ci il tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfərini təşkil edəcək.