Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə COP 29-a həsr olunan “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
“Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan konfransdan öncə iştirakçılar UNEC Dizayn Məktəbinin tələbələrinin ekologiyaya həsr etdikləri rəsm sərgisi, eləcə də ekoloji təmiz parçalardan hazırlanmış geyim nümunələri ilə tanış olublar. “Qida mühəndisliyi" ixtisasının tələbələrinin UNEC-in Qida təhlükəsizliyi laboratoriyasında hazırladıqları ekoloji təmiz qidaları dequstasiya ediblər və yaşıl iqtisadiyyatla bağlı kitab sərgisini izləyiblər.
Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov universitetdə COP 29-a həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb, konfransın bu istiqamətdə növbəti addım olduğunu deyib. UNEC-in strateji hədəflərindən birinin 2030-cu ilədək yaşıl universitetə çevrilmək olduğunu bildirən rektor, QS Dayanıqlılıq Reytinqi 2024 üzrə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb. UNEC alimlərinin dayanıqlı inkişaf məqsədləri üzrə 400-dən çox məqaləsinin çap edildiyini, bu göstəricinin yaşıl dünya naminə həmrəylik ili üçün önəmli töhfə olduğunu vurğulayıb.
Rektor COP 29-da müzakirəsi vacib hesab edilən - yaşıl iqtisadiyyata keçiddə dövlətin rolunun artırılması, yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə cavab verməyən qlobal təşkilatların transformasiyası, ətraf mühit siyasətinin iqtisadi artıma təsiri, ümumi daxili məhsulda yaşıllaşma və yaşıl təhsil modelinə keçidlə bağlı təkliflərin ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. Ədalət Muradov bugünkü konfransda COP 29 və yaşıl dünyaya həsr olunan çoxsaylı suallara cavabların tapılacağından əminliyini bildirib.
Tədbirdə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İqor Maksimsevin konfrans iştirakçılarına videomüraciəti nümayiş olunub. Rektor müraciətində konfransın əhəmiyyətindən söz açaraq, tədbirdə yaşıl iqtisadiyyatla bağlı qlobal dünyanı maraqlandıran məsələlərə həsr olunan ciddi müzakirələrin aparılacağını və uğurlu nəticələrin əldə olunacağını bildirərək, konfransın işinə uğurlar arzulayıb.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, UNEC dosenti Sadiq Qurbanov çıxış edərək, ekoloji mühitin yaxşılaşdırılmasının dünyaya verdiyi töhfələrdən və Azərbaycanın bu prosesdə rolundan söz açıb, ölkəmizin bəşəriyyət üçün atdığı addımlarının COP 29-dan gözləntiləri labüd etdiyini vurğulayıb. Komitə sədri ekoloji maarifləndirmə, təkrar istehsal, yeni texnologiyaların inkişafı və elm mərkəzlərinin yaradılmasının vacibliyindən danışıb, bugünkü konfransın elmi-praktiki nəticələrinin bu istiqamətdə böyük töhfələr verəcəyindən əminliyini bildirib.
Konfransda iştirak edən Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini prof. Lütfihak Alpkan yaşıl transformasiyaya ədalətli keçid barədə maraqlı təqdimatla çıxış edib. Nazir müavini yaşıl transformasiyanı şərtləndirən amillər, iqlim dəyişikliliyi, iqlim böhranının səbəb və nəticələri, istixana qazlarının emissiyaları, Türkiyənin ekologiyaya verdiyi töhfələrlə bağlı statistik məlumatları konfrans iştirakçıları ilə bölüşüb.
Açılış nitqlərindən sonra millət vəkili akademik Ziyad Səmədzadə, Rusiyanın əməkdar elm xadimi Georgiy Baqıyev Paşa Holdinqin əməkdaşı Fuad İbrahimov yaşıl iqtisadiyyata keçid, ekoloji və iqtisadi böhranlara qarşı antiböhran modeli, ekoloji mallar bazarında innovativ marketinq konsepsiyasının işlənib hazırlanması mövzularında çıxış ediblər.
UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, UNEC Avrasiya Beynəlxalq Tədqiqat mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən konfrans mövzu ilə bağlı panel müzakirələrlə davam edib. Panellərdə Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihəsinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılıb.
Beynəlxalq konfrans oktyabrın 4-də öz işini başa vuracaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin