Bu gün Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) media nümayəndələri üçün “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: layihələr və planlar” adlı təlim keçirilib.
Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov açıb. Nazirlik rəsmisi media ilə münasibətlərin şəffaf qurulmasında maraqlı olduqlarını və bu istiqamətdə təlimlərin davamlı keçirildiyini vurğulayıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov isə çıxışında qurumun qısa müddətdə gördüyü işlərə toxunub və həyata keçirilən layihələr haqqında geniş məlumat verib.
İKTA sədri bildirib ki, agentlik tərəfindən ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılaraq ümumilikdə 60 sual araşdırılıb.
Təhlil zamanı bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib.
Nail Mərdanov əlavə edib ki, cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir.
İKTA rəhbəri qurumun rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə açıq olduqlarını bəyan edib.
Agentlik sədrinin sözlərinə görə, tənzimləyici qurumun əsas məqsədi istehlakçı hüquqlarının qorunması ilə yanaşı telekommunikasiya və poçt rabitəsi sahəsində ədalətli şəffaf mühitin formalaşdırılmasıdır. Bu istiqamətdə isə hökumətə müxtəlif təkliflər verilib. Eyni zamanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi də hazırdır və müxtəlif dövlət qurumlarında müzakirə mərhələsindədir. Yeni qanunun qəbulu telekommunikasiya sektorunda yeni və innovativ yanaşmanın tətbiqinə şərait yaradacaq. Nəticədə həm istehlakçı, həm operator və provayderlər, həm də tənzimləyici qazanacaq.
Qarşılıqlı diskussiya şəraitində keçirilən görüşdə media nümayəndələrinin sualları cavablandırıldı.
Ən son xəbərləri səhifəmizdən də izləyin