26 sentyabr 2024-cü il tarixində Avstraliya İttifaqının Kanberra şəhərində yerləşən və ölkənin ən qabaqcıl universitetlərindən olan Avstraliya Milli Universitetində Avropa Araşdırmaları Mərkəzi, Azərbaycan, Gürcüstan və Macarıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “Qara Dənizin Yaşıl Enerji Qovşağı və Avropanın Enerji Təhlükəsizliyi” adlı seminar keçirilmişdir. Ekspertlərin, siyasətçilərin və diplomatların bir araya gəldiyi sözügedən tədbirdə bərpa olunan enerji mənbələrinin inkişafı, Avropanın enerji təhlükəsizliyi və "Yaşıl Dəhliz" layihəsi, həmçinin, qlobal əhəmiyyətli COP 29 beynəlxalq tədbir seminarın əsas müzakirə mövzularından olmuşdur.
Tədbirdə Avstraliya Milli Universitetinin professoru Endryu Bleykers dünyada gedən yaşıl transformasiya, Avropa qitəsi və Qafqaz region ölkələrinin yaşıl enerji potensialı barəsində xüsusi təqdimatla çıxış etmişdir. Ekspert Azərbaycanın Xəzər hövzəsində günəş və külək enerjisi, Gücüstanın isə su elektrik stansiyalarının texniki imkanları haqda auditoriyaya ətraflı məlumat vermişdir.
Daha sonra səfirliyin müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Gürcüstan səfiri Beka Dvali və Macarıstan səfiri Zsolt Csenger-Zalan bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, yaşıl iqtisadiyyata keçid, perspektivlər, habelə yaşıl enerji dəhlizinin yaradılmasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın mühüm rolu barəsində təqdimatlar etmişlər.
Panel müzakirələr zamanı auditoriya tərəfindən verilmiş suallar əsasında tarixi İpək Yolu üzərində yerləşən Cənubi Qafqaz və Mərkəzi Asiya regionun mövcud yaşıl enerji potensialı və regionda mövcud investisiya imkanları, habelə Xəzər dənizi üzərindən uzanan müasir Yaşıl Enerji Dəhlizi kimi mövzular ətrafında diskussiyalar aparılmışdır.
Tədbir Avstraliyanın yerli "Vibe Media" xəbər portalında da işıqlandırılmışdır. https://www.vibemedia.net.au/south-caucasus-key-player-in- european-energy-security-and-green-connectivity/
Ən son xəbərləri səhifəmizdən də izləyin