Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə başlayıb
Sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar “Azercell”in qonağı olublar.
Görüş “Azercell Telekom” MMC-nin hüquq, etika və komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutub.
“Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir. Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil IT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daim dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”, - deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirib.
Qızlara təhsil müddəti ərzində “Azercell”də təcrübə keçmək imkanı verildiyini bildirən Dilarə Hüseynova deyib: “Şirkətimiz IT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqqında məlumat verib, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər barədə danışıb.
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edilib.
“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin