Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bədii şurası 115-ci mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuar və iş planını təsdiqləyib. 2024-cü ilin sonuna qədər olan müddətdə teatrda təqribən 50 tamaşanın 70 dəfədən çox nümayiş etdirilməsi nəzərdə tutulur.
Mövsüm 18 Sentyabr – Milli Musiqi Günündə “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində göstəriləcək “O olmasın, bu olsun” (quruluşçu rejissor C.Səlimova) tamaşası ilə açılacaq. Beş gün davam edəcək layihədə bir-birinin ardınca dahi bəstəkarın ölməz əsərləri – “Leyli və Məcnun” (libretto müəllifi S.Qulamov), “Arşın mal alan” (quruluşçu rejissor E.Mirzəyev, bərpaçı rejissor Ə.Hacıyev), “Ər və arvad” (quruluşçu rejissor Y.Əkbərov) oynanılacaq.
Dörd ay ərzində tamaşaçılar teatrın sevilən aktyorlarının ifasında adları qeyd olunan əsərlərlə yanaşı, “Adamın adamı” (V.Adıgözəlov), “Qadınım” (T.Cücənoğlu, səhnələşdirən İ.Gözəlova), “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən S.Qulamov), “Bəxtiyar” (T.Quliyev, səhnələşdirən C.İmamverdiyev), “Sevənlərindir dünya” (Ə.Pəhləvan), "Toya bir gün qalmış” (Ə.Səmədli), "Qızıl toy” (O.Kazimi, R.Heydər), "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi), “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov), “Bir nəfəs qədər” (S.Qulamov, F.Əmirovun musiqisi əsasında), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), “Utancaq qız” (F.Dostoyevski) və onlarla tamaşaya baxa biləcəklər.
Bundan əlavə, teatrsevərlərə rus dilində “Lara Martin’s Jazz Club” (A.N.Ostrovski, səhəhnələşdirən İ.Gözəlova), “Aysedora” (Z.Saqalov), “Nəğməmə inan” (P.Bulbüloğlu, M.Şerbaçenko), “Qafqazlı qardaşqızı” (R.Hacıyev,) "Fransız sayağı qarnir” (M. Kamoletti), “Silva” (E.Kalman), ingilis dilində isə “Anamın kitabı” (C.Məmmədquluzadə) tamaşaları təqdim olunacaq.
Bu aylar ərzində kollektiv balaca tamaşaçıların görüşünə ana dilimizdə “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), "Düyməcik” (H.K.Anderson), rus dilində “Qoğalın macərası” (Rus nağılı), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V.Zimin), “Bir dayan,canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski), eləcə də hər iki dildə hazırlanan “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts) və “İki küpəgirən qarı” (Ə.Əlizadə, R.Sef, T.Karelina) nağıl-tamaşaları ilə gələcək. Yeni il bayramı münasibətilə də onları maraqlı, əyləncəli şənlik-tamaşalar gözləyir.
İlin sonunadək bir neçə yeni tamaşanın premyerası nəzərdə tutulur. 3 oktyabr tarixində dünyaşöhrətli Anton Pavloviç Çexovun "6 №-li palata" əsəri əsasında rejissor Ər-Toğrulun quruluş verdiyi "Palata" (səhnələşdirən: B.Osmanov) tamaşasının premyerası olacaq.
Yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda "Əliqulu bu gün evlənir" (O.Rəcəbov) komediyası da növbəti aylarda tamaşaçıların ixtiyarına veriləcək.
Teatrın yaradıcı heyəti il boyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə getməyi, müxtəlif beynəlxalq festivallarda iştirak etməyi planlaşdırır.
Elə sentyabrın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) mono tamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub və mükafata layiq görülüb. Dünyanın 7 ölkəsində 22 teatr kollektivinin qatıldığı bu festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
21 sentyabrda isə vokal ifaçısı Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək.
Bir sözlə, Musiqili Teatrın kollektivi bu mövsümdə də yeni-yeni layihələrlə, tamaşalarla tamaşaçılarını sevindirəcək.
Bütün teatrsevərləri aylıq repertuar cədvəlimizi izləməyə, tamaşalarımıza baxmağa dəvət edirik.
Ən son xəbərləri səhifəmizdən də izləyin