Sentyabrın 9-da Bakı Dövlət Universitetinin (BDU) doktoranturasına qəbul üzrə ixtisas fənnindən yazılı qəbul imtahanları keçirilir.
İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş və sentyabrın 2-4-də “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş 129 iddiaçı iştirak edir.
Bu il “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkanologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi” və “Korreksiya pedaqogikası” kimi ixtisaslara da qəbul həyata keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında Elm və Təhsil Nazirliyi tərəfindən BDU-ya 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 134 (53 əyani və 81 qiyabi olmaqla), dissertanturaya isə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə doktoranturaya 21 (2 əyani və 19 qiyabi olmaqla), dissertanturaya isə 12 yer ayrılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin