“Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də müttəfiq ölkələrdir. İki qonşu ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın çağırışlarına uyğun olaraq yeni müstəviyə qədəm qoyur. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri isə iki ölkə arasında münasibətlərin daha da güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır, Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etmədiyi elə bir sahə yoxdur. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda ölkələrimizi müttəfiqlər səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, bu il ərzində ölkə rəhbərləri iki dəfə də görüşmüşdülər. Bunlardan biri Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı, ikincisi isə beynəlxalq tədbir çərçivəsində reallaşıb. İndi isə Rusiya Prezidenti Azərbaycana dövlət səfəri edib. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı qarşılıqlı əlaqələrin daha da inkişafı əsas müzakirə mövzusu oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür. Millət vəkilinin sözlərinə görə, qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir. Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Rusiya Prezidentinin ölkəmizə səfəri zamanı Cənubi Qafqazda vəziyyət də müzakirə mövzusu olub. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Vladimir Putinin dövlət səfəri zamanı ümumilikdə, iqtisadi, humanitar və mədəni əlaqələr də diqqət mərkəzində olub. Xüsusilə, Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi vurğulanmalıdır. Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Ticarət dövriyyəsinin 4 milyard dollardan çox olması da bunun göstəricisidir. “Humanitar əməkdaşlıq sahəsinə gəlincə, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, bu məktəblərdə 160 min şagird təhsil alır. Azərbaycanın 26 ali təhsil müəssisəsində isə 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Bakıda həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Eləcə də, Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur. Bütün bunlar qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafının göstəricisidir”,-deyə Fatma Yıldırım vurğulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin