Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) olan Din Araşdırmaları Jurnalının növbəti sayına məqalə qəbulu başlayıb. Yazılarının dərc olunmasını arzulayan müəlliflər 30 sentyabr 2024-cü il tarixinədək jurnalın rəsmi internet saytında (https://journal.ait.edu.az/) qeydiyyatdan keçib, şəxsi kabinet yaradıb, araşdırmalarını göndərə bilərlər.
Din Araşdırmaları Jurnalına teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən təhlil olunan məqalələrin qəbulu aparılır.
Aİİ-nin təsis etdiyi Din Araşdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və yayımlanır. Əsasən, orijinal, əvvəllər heç bir nəşrdə dərc olunmayan və nəşrə təqdim edilməmiş araşdırmalar qəbul edilir.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.
Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunacaq hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Məlumat üçün bildirək ki, jurnala göndərilən məqalələr anonimlik gözlənilərək redaksiya heyətində olan yerli və xarici alimlərin dəyərləndirilməsindən sonra dərc olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin