https://innews.media/uploads/news/2024-08/_innews_3fb6cf390c37808402dde237e_o.jpg
“Tarlaların biçimdən sonra yandırılması ekoloji, bioliji, iqtisadi hüquqi problemlər yaradır. Bu problemlərin olmaması üçün fermerlər, kənd ziyalıları, bələdiyyələr arasında maarifləndirmə aparmaq lazımdır”- "Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsinin Şamaxı rayonunda keçirilən tədbirini açan ictimai birliyin sədri Əzizağa Hünbətəliyev ölkəmizdə ekoliji problemlərin həllinə ciddi fikir verildiyini qeyd etdi, layihənin mahiyyətindən danışdı. Torpağın ekosisteminin və mikromüxtəlifliyinin qorumaq üçün görülən tədbirlərin ölkənin ərzaq təminatında vacib rolunu qeyd edən Ə. Hünbətəliyev Bakıda keçiriləcək COP29 tədbirinin mahiyyətini izah etdi.
AR Fövqalada Hallar Nazirliyinin Şamaxı regional idarəsinin əməkdaşı Elvin İbrahimli tarlaların yandırılması hallarının aradan qaldırılmasında müxtəlif idarələrin əməkdaşlığının və fermerlərin məlumatlandırılmasının vacibliyini bildirdi.
Günəşli kənd icra nümayəndəsi Rövşən Şamilov kənd əhalisinin torpağın qorunmasında fəal olduqlarını bildirdi. Göstərdi ki, bunun nəticəsində son illər ərzində bölgədə bu sahədə heç bir qanunsuzluğa yol verilməmişdir.
Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin 6 nömrəli ərazi idarəsinin inspektoru Ramazan Gidayev bioloji müxtəlifliyin qorunmasında torpaqla davranışın vacibliyini bildirdi, nazirliyin apardığı iş haqqında məlumat verdi.
Ekoloji maarifçiliklə uşaq yaşlarından məşğul olmanın vacibliyini bildirən Şirvan kənd məktəbinin müəllimi Zabilə Rəşiodova bu il məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərkivəsində keçirilən tədbirlərin və belə görüşlərin əhəmiyyətini qeyd etdi.
Layihənin eksperti hüquqşünas Aydın Kərimov tarlaların yandırılmasının hüquqi nəticələrindən danışaraq İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrini şərh etdi, COP 29-dan sonra ölkəmizdə ekolojiya sahəsində qanunvericiliyin daha da təkminləşdiriləcəyini, əhalinin bu prosesdə iştirakının əhəmiyyətini izah etdi. İştirakçıların çoxsaylı sualları cavablandırıldı.
Tədbirin sonunda iştirakçılar "Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin hazırladığı Əkin sahələrini yandırmaq qadağandır”, “Odla ehtiyyatlı olun”, “Tarlaları yanğından qoruyaq” lövhələrini yol kənarlarında, yanğına həssas yerlərdə quraşdırdılar.
Ən son xəbərləri səhifəmizdən də izləyin