logo
Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişinin dəvəti əsasında dünyanın müxtəlif ölkələrindən olan İnformasiya Komissarlarının qatıldığı XV Beynəlxalq Konfransında iştirak edib.

"Fərdlərin informasiyaya çatım vasitəsilə səlahiyyətləndirilməsi: qarşılıqlı əməkdaşlıqda şəffaflığın və inklüzivliyin təmin edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın ilk sessiyasında təqdimatla çıxış edən Səbinə Əliyeva informasiya əldə etmək hüququnun müdafiəsi və təmini istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə əhalinin həssas qruplarının  hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsi barədə məlumat verib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdıran Ombudsman bu çərçivədə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarının iştirakı ilə informasiyaya çatımlılıq məsələlərinin də müzakirə ediləcəyi beynəlxalq simpoziumun keçiriləcəyini bildirib.

Səfər çərçivəsində Ombudsman Albaniya Respublikasının ədliyyə naziri Ulsi Manja, Parlament sədrinin müavini Ermonela Valikaj Felaj, İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkil Besnik Dervişi ilə görüşlər keçirib.

Həmin görüşlərdə S.Əliyeva Ombudsman Aparatının fəaliyyəti, informasiya əldə etmək hüququnun təmini sahəsində görülmüş işlər, Ombudsman haqqında Konstitusiya Qanununa edilən son dəyişikliklər nəticəsində mandatının genişlənməsi  haqqında ətraflı məlumat verib. Ombudsman həmçinin ölkədə insan hüquqları sahəsində həyata keçirilən islahatlardan bəhs edərək, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Ombudsmanın Parlamentlə sıx əlaqələr qurduğunu və Parlamentin komitə iclaslarında iştirak edildiyini bildirib. S.Əliyeva həmçinin ölkədə qadınların qərar qəbuletmə prosesində fəal iştirak etdiyini, eyni zamanda müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını vurğulayıb.

Eyni zamanda, Ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə, o cümlədən təhsil, səhiyyə və penitensiar müəssisələrə həyata keçirilən başçəkmələr və verilmiş tövsiyələr haqqında danışılıb.

Ombudsman Səbinə Əliyeva otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. Bundan başqa, Ombudsmanın müharibə və postmüharibə dövrlərində işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyi, aidiyyatı beynəlxalq təşkilatlara, milli insan hüquqları institutları və xarici ombudsmanlara müvafiq hesabat, müraciət və bəyanatlar göndərdiyi qeyd edilib, faktaraşdırıcı missiyalara dair hesabatların nüsxələri həmin dövlətin rəsmi şəxslərinə təqdim olunub.

Ombudsman həmçinin iki ölkə arasında əməkdaşlıq çərçivəsində formalaşmış müsbət təcrübələrin insan hüquq və azadlıqlarının effektiv müdafiə və təmininə də töhfə verəcəyini bildirib.

Qeyd edilməlidir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişi arasında insan hüquqları, habelə informasiya əldə etmək hüququ sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə anlaşma memorandumu imzalanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media