https://innews.media/uploads/news/2024-05/_innews_89dcb721da549d3492c004999_o.jpg
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkilləri cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb, onlara pulsuz hüquqi yardım göstərib
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi ilə bağlı Tədbirlər plani çərcivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Naxçivan Muxtar Respublikasi Vəkillər Kollegiyasının və Məhkəmə Ekspertizası Mərkəzinin iştirakı ilə 17 may 2024-cü il tarixdə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov qeyd edib ki, hər tərəfli dövlət qayğısı ilə əhatə olunmuş cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi, onlara hüquqi və psixoloji yardımların göstərilməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin daim diqqətindədir. Bu günkü tədbir də məhz məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi üçün nəzərdə tutulub.
Naxçıvan MR Vəkillər Kollegiyası üzvü Mircəlal Seyidov çıxışında bildirib ki, bu gün hər bir ölkəvətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlarqəbul edir.
Daha sonra Vəkillər Kollegiyası tərəfindən ayrılmış 3 nəfər vəkil cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlarla görüşüb, onlara ödənişsiz hüquqi yardım göstərib.
Görüş zamanı məhkumları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 nəfər ekspert psixoloqları da müxtəlif rejimlərdə cəza çəkən məhkumlarla görüşüb, 20 nəfər psixoloji yardıma ehtiyacı olan şəxslə təklikdə görüşlər keçiriblər.
Məhkum Cəfərzadə İbrahim onlara göstərilən diqqətə görə dövlətimizə təşəkkür etdiyini bildirib, bu tədbirlərin davamlı olmasını arzulayıb.
Penitensiar xidmətin rəhbərliyinin göstərişi ilə ayda iki dəfə bu tədbirlərin keçirilməsi qərara alınıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin