innews.media müstəqil jurnalist, Qərbi Azərbaycan İcması Aparatının əməkdaşı Lamiyə Rövşənqızının “AŞPA-dakı şou - Avropanın ikiüzlü siyasətinin gerçək motivləri” adlı yazısını təqdim edir
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi ilə bağlı qətnamə əslində bu qurumda mövzu ilə əlaqədar məsələ qaldıran qüvvələrin demokratik və mütərəqqi cəmiyyət qurma adı altında əlindəki səlahiyyətlərdən istifadə edib, sabitliyə və sülhə köklənmiş bir ölkənin qələbələri və uğurlarının həzm oluna bilmədiyini göstərən növbəti şou, riyakarlıq göstərişidir.
Bu xüsusda canfəşanlıq edən ölkələrdə istər iqtisadi, istərsə də insan hüquqları ilə bağlı məsələlərdə vəziyyətin heç də ürəkaçan olmadığı sirr deyildir. Bunun üçün dünya media arenasının gündəmini izləmək kifayətdir. Özünü canıyanan göstərib, qəbul olunan qətnamədə dəfələrlə "narahatlıqlarını" qeyd edən şou iştirakçıları bəlkə də bununla öz ölkələrində baş verən beynəlxalq hüquqa zidd olan və dünyanın gündəmini zəbt edən insan haqlarının əzilməsi səbəbilə alovlanan saysız iğtişaşlardan diqqəti yayındırmaq məqsədi güdürlər.
Ərazisi parçalanmış, ən yeni tarixdə 30 il boyunca kütləvi qətliamlara, soyqırıma məruz qalmış, iqtisadiyyatı, ordusu, mənəviyyatı çökdürülmüş kiçik bir ölkənin güclənməsi, haqqını tələb etməsi, heç bir xarici dəstək olmadan müharibə edib işğal olunmuş torpaqlarını geri qaytarması və bununla da yetinməyib, öz iqtisadiyyatı hesabına yerlə bir edilmiş yaşayış məskənlərini yenidən, sıfırdan inşa etməsi görəsən AŞPA-nın "sülhsevər", "insansevər" nümayəndələrini niyə sevindirmir? Məgər faşizm üzərində qələbə uğur deyilmidir?! Avropaya, demokratik cəmiyyət quruculuğuna inteqrasiya yolunda bundan gözəl töhfə ola bilərmi?
Avropa Birliyinin yalnız pafosla, nə demokratiya nə də dünyada sülh üçün ortaya heç bir əməli iş qoymayan “şoumenləri” unutmasınlar ki, Azərbaycan hökumətinin və bu ölkənin başçısının yürütdüyü siyasətin qarantı da, dəstəkçisi də 30 illik iztirabdan alnının ağı və şəhidlərinin qanı ilə qurtulan məhz Azərbaycan xalqıdır. Yetərincə siyasi dünyagörüşə və multikultural dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyini, suverenliyini bəlirləmək iqtidarında olduğunu son üç ildə bütün dünyaya açıq şəkildə göstərdi. Azərbaycanın dünəni də, bu günü də, inkişaf şkalası da göz qabağındadır. Bizim gizli, maskalanmış, pərdələnmiş və riyakarlıqla süslənmiş siyasətimiz heç zaman olmadı. Hansı ki, azərbaycanlılara və Azərbaycan xalqına qarşı müntəzəm olaraq ədalətsiz mövqenin şahidi oluruq. Bu gün erməni faşizmindən əziyyət çəkən, öz yurd-yuvalarından didərgin salınan, milli-mədəni, irsi, mənəvi dəyərləri məhv edilmiş milyonlarla qərbi azərbaycanlının hüquqlarının avropalı “hüquqsevərləri” narahat etməməsi olduqca tanış mövzudur. Azərbaycanın 30 ildə məruz qaldığı kütləvi qırğınlar, insanlığın utanc yeri olan Xocalı soyqırımı, Qarabağda hələ də aşkar edilməkdə olan işgəncə ilə öldürülmüş sivil insanların məzarlıqları indiyədək kimi narahat etdi ki?
Təəssüf ki, sadalananlar pafos və ya yalan məlumat yox, acı reallıqdır. Azərbaycan və azərbaycanlıların acısı və reallığı. Lakin digər reallıqlar da var. Odur ki, doğulduğu torpağa həsrət qalan bir qərbi azərbaycanlı olaraq, bu xatırlatmanı diqqətə çatdırmağı özümə borc bilirəm. Olan-olmazla, həqiqətə uyğun olmayan məlumatlarla dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışan AŞPA təmsilçilərinin görəsən öz ölkələrindən xəbərləri varmı?
Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin (Frank Schwabe) bu xüsusdakı arqumentlərini riyakarlığın pik həddi, Azərbaycana qarşı təşkil olunmuş qərəzli şounun ən iyrənc səhnəsi hesab etmək olar. Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbuslar var, erməniləri Qarabağdan zorla çıxarmışıq, AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri 3 dəfə baş tutmayıb və fevralın 7-də keçiriləcək prezident seçkilərinə AŞPA nümayəndələri dəvət olunmayıb. Yəni dünyanın müharibələr məngənəsində alovlandığı, milyonlarla insanın, körpələrin qırıldığı qanlı iğtişaşlar qalıb bir yanda, Cənubi Qafqaza sülh gətirib barışıq sazişi imzamalağa razılıq verən Azərbaycana dəstək olmaq keçib arxa plana, adamı “narahat” edən məsələyə bax! Əgər həqiqətən qlobal problemləri önləyəcək bu kimi detallar önəm daşıyırsa, yaxşı olar ki, cənab Şvabe bir az da öz ölkəsindən danışsın. Məsələn, dünyanın aparıcı media portallarında Almaniyada baş verənlər haqda həqiqətən insanı şoka salacaq faktlar yer almaqdadır.
Cənab Şvabe, kilsələrinizdə baş verən utancverici olaylardan xəbəriniz varmı? Rəsmi təhqiqat materiallarındakı məlumatlara əsasən, istər Katolik, istərsə də Evangelist kilsələrində seksual zorakılığa məruz qalmış qurbanların sayı 2225 nəfərə çatıb. Deyilənə görə, bu hələ aysberqin görünən tərəfidir, zərərçəkmişlərin sayı getdikcə artır. Və yaxud, ölkənizdəki fermerlərin ötən ildən bu günədək davam edən etiraz aksiyalarından, tənəzzülə doğru gedən Almaniya iqtisadiyyatından danışılsaydı, daha məqsədəuyğun olardı. Miqrantların hesabına əhali sayını çoxaldan, özünü yardımsevər dövlət kimi təqdim etməyə çalışan Almaniyanın bu sahədə də uğursuz siyasətinin ağır nəticələrini yaşaması haqda kifayət qədər məlumatlıyıq.
Siz ən yaxşısı, müharbəyə təhrik edib yarıyolda qoyduğunuz Ukraynanın taleyini müzakirə edin. Sizinlə həmfikir olan Fransa Ukraynada tüğyan edən korrupsiyaya görə bu ölkəyə silah satışını dayandırmağı müzakirə edir. Tarixinin Əlcəzair kimi qara ləkəsini təmizləmək əvəzinə, burnunu Cənubi Qafqaza soxmağa çalışan Fransa prezidenti Makron, baş nazir postuna gey yoldaşını gətirməklə, “örnək” olmaq istəyirsə, bu trendə siz də qoşula bilərsiniz. Amma heç kim öz milli dəyərləri olan bir ölkəyə bunu qəbul etdirmək ixtiyarında və iqtidarında deyil. Bizim öz qanunlarımız, öz yolumuz var. Əgər təmsil etdiyiniz qurum bu iyrənc, qeyri-insani, mutasiyaya uğramış düşüncə ilə formalaşmağa davam edəcəksə, təbii ki, Azərbaycan kimi kosmopolit olduğu qədər, bəşəri keyfiyyətlərə önəm verən bir ölkənin sizinlə bir sırada dayanması qeyri-mümkün və arzuolunmazdır.
Ermənilərin Qarabağdan zorla çıxarılmalarına gəlincə, hörmətli AŞPA nümayəndələri, xatırlayırsınızsa, 2018-ci ildə Azərbaycan nümayəndə heyəti ermənilərin açdığı atəş nəticəsində nənəsi ilə birgə öldürülən 2 yaşlı Zəhranın fotolarını təqdim edib, Azərbaycanda müharibədən əziyyət çəkən, qətl edilən, qaçqınlıq həyatı yaşayan körpələrdən söz açmışdılar. Həmin vaxt da səssiz qaldınız. Xocalıya göz yumduğunuz kimi. Nəhayət ədaləti özümüz bərpa etdik. Amma hələ də doğulduğu Vətəninə, babalarının məzarına həsrət qalanlar var. İndiki Ermənistandan, öz tarixi torpağından qovulan minlərlə qərbi azərbaycanlı heç bir torpaq iddiası qaldırmadan öz yurdumuza qayıtmaq istəyirik. Axı bizi də zorla çıxarıblar!!!
O ki, qaldı, prezident seçkilərinə... Azərbaycanın liderinin sözü və imzası bu xalq üçün hər zaman dəyərli və önəmlidir! Çünki bu imza Dəmir Yumruqla atılır! Fevralın 7-də isə bu yumruq daha möhkəm, monolit olacaq! Bir sırada dayanmağa lüzum bilmədiklərimiz bu təntənəni müşahidə etməsələr də olar! Azərbaycan xalqı fevralın 7-də seçkiyə yox, öz Milli Qəhrəmanına vəfa borcunu ödəmək üçün gedəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin