Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevlə görüşüb.
T.Kazımov üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer almaları münasibətilə qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qaliblərin Mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyəndən sonra qeyd edib ki, bu proqram qaliblərin mövcud potensiallarının `inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir.
O, fərdi inkişaf planları əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq ediləcəyini, Mentorluq proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün dəstəyini əsirgəməyəcəyini söyləyib. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində Taleh Kazımova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin