Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Siyavuş Novruzov parlamentin 2024-cü il yaz sessiyasında deputatlara uğurlar diləyib. Gündəlik barədə məlumat verən Siyavuş Novruzov diqqətə çatdırıb ki, iki məsələ - Milli Məclisin 2023-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı iclasın müzakirəsinə çıxarılıb.
Məsələlər barədə məlumat verərkən komitə sədri deyib ki, 2023-cü il Azərbaycanda müstəsna əhəmiyyətə malik və möhtəşəm nailiyyətlərlə zəngin bir il kimi tarixə düşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Heydər Əliyev İli”ndə Azərbaycanın öz suverenliyini bütün ərazisində tam təmin etməsi ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açıb. Həmçinin ötən ildə ölkənin iqtisadi gücünün artması, əhalinin sosial rifahının yaxşılaşması, regionların inkişafı istiqamətlərində tədbirlər uğurla davam etdirilib.
Hesabatla bağlı komitə sədri diqqətə çatdırıb ki, ötən payız sessiyası dövründə Regional məsələlər komitəsi tərəfindən 2-si onlayn olmaqla 6 iclas keçirilib. O, keçirilən iclaslarda baxılan məsələlər və qanun layihələri barədə danışıb. Bildirilib ki, komitənin təşkilatçılığı ilə Milli Məclisdə 2 ictimai dinləmə - “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmələr keçirilib.
Qeyd olunub ki, 2023-ci ilin payız sessiyası dövründə komitəyə vətəndaşlardan daxil olan 114 elektron, 80 kağız formatda müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Komitə sədri vətəndaşlardan ümumilikdə komitə üzvlərinə ünvanlanmış 1347 müraciətlə bağlı da məlumat verib. Bildirilib ki, regional məsələlər komitəsinin üzvləri sosial şəbəkələrdə, mediada aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər, eyni zamanda, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanıblar.
Siyavuş Novruzov Regional məsələlər komitəsinin 2024-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı danışarkən diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
2024-cü ildə ölkəmizin qarşısında dayanan çağırışlardan söz açan Siyavuş Novruzov fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçkilər olduğunu qeyd edib və bu seçkiləri ölkəmizdə yeni dövrün başlanğıcı kimi dəyərləndirib. Komitə sədri əminliklə bildirib ki, qədirbilən Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və bu yeni dövrə öz xeyir-duasını verəcək.
Müzakirədə komitə üzvləri Məzahir Əfəndiyev, Nizami Cəfərov, Tahir Rzayev, Kamran Bayramov, Əliabbas Salahzadə və başqaları çıxış ediblər. Çıxış edənlər bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi, ölkəmizin qarşısında dayanan müasir çağırışlar və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.
İclasda Regional məsələlər komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin