Yanvarın 11-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Parlament Assambleyasının videokonfrans formatında komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib.
Tədbirlərdə Milli Məclisin deputatları – Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, üzvləri Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov iştirak ediblər.
Əvvəlcə, qurumun komitələrinin onlayn birgə iclası keçirilib. Tədbirdə GUAM məkanında hərbi və təhlükəsizlik sahəsində son vəziyyət, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq, üzv dövlətlərin iqtisadi, humanitar davamlılığına və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş parlament fəaliyyəti və bir sıra digər məsələlərə baxılıb.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbə, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri barədə danışıb, hazırda ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Ermənistan işğalından azad edilmiş ərazilərdə intensiv quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını diqqətə çatdırıb.
Nümayəndə heyətimizin üzvləri Fatma Yıldırım və Əli Məsimli öz çıxışlarında Ermənistan işğalı zamanı tarixi, mədəni abidələrin dağıdılmasından, ekologiya və ətraf mühitə vurulan ziyandan, bu ərazilərdə basdırılan minaların yaratdığı problemlərdən danışıblar, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa tədbirləri barədə söhbət açıblar. Deputatlar, həmçinin GUAM ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Sonra GUAM PA-nın Büro iclası olub. İclasda qurumun komitə iclaslarının nəticələri, milli nümayəndə heyətlərinin tərkibinin təsdiqi, 16-cı sessiyanın Kommünike layihəsi, növbəti iclasın tarixi və yeri ilə bağlı məsələlər nəzərdən keçirilib.
Həmin gün GUAM Parlament Assambleyasının 16-cı sessiyası keçirilib.
Onlayn tədbirdə ölkələrin suverenliyi və ərazi bütövlüyü, parlamentlərarası əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə olunub.
Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “Dünya nizamının, suverenliyin və ərazi bütövlüyünün bərpası GUAM-a üzv dövlətlərin ali məqsədi kimi” mövzusunda çıxış edib. Millət vəkili mövzunun aktuallığını və vacibliyini qeyd edərək, ərazi bütövlüyünün beynəlxalq hüququn vacib prinsiplərindən biri olduğunu söyləyib. O, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlardan bəhs edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı Ermənistan silahlı qüvvələrinin dərhal Azərbaycan ərazilərini tərk etməsini tələb edən 4 qətnamə qəbul etdiyini, lakin bu sənədlərin uzun illər kağız üzərində qaldığını bildirib. Deputat bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olunmuş torpaqlara əhalinin geridönüşü üçün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə GUAM PA-nın 16-cı sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.
Sessiyada GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib.
Ən son xəbərləri səhifəmizdən də izləyin