logo
Azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələr həyata keçirilir

Azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələr həyata keçirilir

Azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələr həyata keçirilir Azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələr həyata keçirilir

Dövlət başçısı ilin son günündə xalqa müraciətində yola saldığımız 2023-cü il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldığını qeyd etdi. Ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunan ötən il mühüm tarixi hadisələrlə əlamətdar oldu. Bu hadisələr arasında dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda dövlət Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamı yaxşı bilirdi ki, bu iş yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı.

Beləliklə, 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa edə bildi, işğalçı qüvvələr Qarabağdakı son nəfərinədək çıxarıldı, erməni silahlı dəstələri, onların hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.

Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi gücü daha da artırıldı, Türkiyə-Azərbaycan hərbi təlimləri keçirildi. Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.

Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrini həyata keçirməkdədir. Artıq Zəngilan, Füzuli və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər görülür.

Qarabağ Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, irimiqyaslı qlobal layihələrin mərkəzinə, Cənubi Qafqazın lider dövlətinə çevrilməyə müvəffəq olub.

 

Müəllif: İlkin Maqsudlu

Göygöl RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media