https://innews.media/uploads/news/2023-12/_innews_786c6b45e9b222a78451a2364_o.jpg
Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) direktoru, professor Mustafa Lətif Əmək, İnstitutun Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov, sabiq səfir Hasan Yavuz, Türkiyə Strateji Düşüncə İnstitunun (SDE) rəhbəri, general-mayor Güray Alpar, Alparslan Türkeş Universitetinin rektoru Mehmet Tümay AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
MEK-in direktoru, professor Məmməd Əliyev onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib, rəhbəri olduğu kitabxananın 41 ölkənin 104 təşkilatı ilə uğurlu əməkdaşlıq qurulduğunu nəzərə çatdırıb. Həmin təşkilatların sırasında İKSAD-ın xüsusi yeri olduğunu, həmçinin 2024-cü ilin yanvar ayında İKSAD və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Çindən Adriatikə Türk Dünyası” adlı elmi araşdırmalar konfransının keçiriləcəyini də vurğulayıb.
Sonra qonaqlar kitabxananın iş prosesi, fondları ilə yaxından tanış olublar. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olarkən isə qonaqlara buradakı guşələr haqqında ətraflı məlumat verilib, toplanan dəyərli nəşrlərdən danışılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin