https://innews.media/uploads/news/2023-12/_innews_7485ba92679aad2d39a426dfc_o.jpg
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin bariz nümunəsidir. Ölkəmiz məhz bu cür yüksək dəyərlərə layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub.
Bu bir reallıqdır ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bunu ölkəmiz həyata keçirilən siyasətlə qazanıb. Çünki ölkəmizin müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda dövlətimizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən ona olan hörməti daha da artırıb. Bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması mühüm önəm kəsb edir. Beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmiş olur. Təbii ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olan qərardır. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürdü. Sözsüz ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yox idi. Fakt o idi ki, Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini bir daha təmin edib. Ölkəmiz həmçinin bütün humanitar normalara riayət edərək öz suverenliyinin bərpasına nail olub.
Müəllif: Şəmistan Məmmədov
Göygöl şəhər 2 nömrəli tam orta məktəbin direktoru