https://innews.media/uploads/news/2022-06/_innews_e3806bea563901155d64a8a8c_o.jpg
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşavanın Yuzef Polinski parkında əslən azərbaycanlı olan Polşanın milli ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış Polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi olmuş General Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir. Tədbirdə Varşavanın Cənubi-Praqa bölgəsinin burmistri (bölgə rəhbəri) Tomaş Kuxarski (Tomasz Kucharski), Polşa Xarici İşlər Nazirliyi, Baş Gərargahı, Varşava Universiteti, Polşa Tatarları Birliyi, Varşava Qettosu Muzeyinin nümayəndələri, türkoloq alimlər, Polşa ictimaiyyətinin ziyalıları, Polşada fəaliyyət göstərən Azərbaycan ziyalıları və Səfirliyin əməkdaşları iştirak etmişlər.
İlk olaraq həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan Polkovnik Vəli bəy Yadigar və General Maçey Sulkeviçin abidəsi önünə əklillər qoyulmuşdur. Daha sonra səfir Nərgiz Qurbanova çıxış edərək qonaqları və həmvətənlərimizi salamlamış, silahlı qüvvələrin hər bir dövlət üçün olduğu kimi, Vətənimiz Azərbaycan üçün müstəqilliyin təminatçısı, ölkəmizin sərhədlərinin müdafiəçisi olduğunu bildirmişdir. Səfir ölkəmizdə silahlı qüvvələrin yaranmasını şərtləndirən çətin tarixi şərait, onun formalaşmasında və inkişafında Azərbaycanın ümummilli lideri heydər Əliyevin əvəzsiz rolu, Heydər Əliyev dövlətçilik məktəbinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə silahlı qüvvələrimiz möhkəmlənməsi, müasirləşməsi və dünyanın ən güclü ordularından birinə çevrilməsi barədə danışmışdır. Səfir Azərbaycan eyni zamanda özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərərək NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ölkə hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılmasının həyata keçirildiyini, ölkəmizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyini bildirmiş, Azərbaycan hərbçilərinin dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alaraq peşəkar hərbçi olaraq yetişdiklərini vurğulamışdır. 30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini fəxr hissi ilə qeyd edən səfir 44 günlük Vətən müharibəsində canlarından keçərək şanlı zəfər tariximizi yazan Azərbaycan Qəhrəmanları olan şəhid əsgərləri və zabitlərimizi qürurla anmışdır. N.Qurbanova hazırda tədbirin keçirildiyi V.Polinski parkında abidələri ucaldılmış, xatirələri həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçinin - əslən Polşa tatarlarından olan, Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində Azərbaycanı özünə Vətən seçmiş, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda vuruşmuş və məhz Azərbaycan uğrunda mübarizəsinə görə Sovet ordusu tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Baş qərargah rəisi olmuş General M.Sulkeviçin və həm Azərbaycan, həm də Polşa ordu sıralarında hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış Polkovnik V.Yadigarın həyat və ölkələrimiz naminə şərəfli fəaliyyətlərindən danışmış, həm Azərbaycanın, həm də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanlarımızın xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd etmişdir.
Sonda səfir bu ilin Azərbaycan-Polşa münasibətlərində xüsusi yer tutduğunu, 3 yubileyin: Azərbaycan-Polşa tarixi münasibətlərinin 550 illiyi, Azərbaycan-Polşa diplomatik əlaqələrinin 30 illiyi və Azərbaycanla Polşa arasında strateji tərəfdaşlıq münasibətləri haqqında birgə bəyannamənin imzalanmasının 5 illiyi də məhz bu il təntənə ilə qeyd edildiyini vurğulayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə qonaqları və həmvətənləri bir daha təbrik etmiş, Azərbaycan-Polşa münasibətlərinin inkişafı naminə uğurlar diləmişdir.
Tədbirdə Varşavanın Cənubi-Praqa bölgəsinin burmistri T.Kuxarski çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırmış, abidələri önündə dayandığı, həm Azərbaycan, həm də Polşada böyük sayğı ilə qəbul edilən iki qəhrəmanın şücaətinin həm bizim həm də gələcək nəsil üçün örnək olduğunu qeyd etmişdir. Daha sonra polşalı tanınmış rejissor Yeji Lubax çıxış edərək Azərbaycanda həm dövlət həm də hərbi quruculuqda polyakların rolundan danışmış, Polşa uğrunda Azərbaycandan olan vətənpərvərlərin də vuruşduğunu qeyd etmişdir.
Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycanın milli mətbəx nümunələrindən olan süfrəyə dəvət edilmişlər.