logo
Qazi müəllimlər təltif olunub

Qazi müəllimlər təltif olunub

Qazi müəllimlər təltif olunub Qazi müəllimlər təltif olunub

8 Noyabr-Zəfər Günü ilə əlaqədar Vətən Müharibəsi iştirakçısı olan müəllimlərlə görüş keçirilib.

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova, şəhid Əlihüseyn Məmmədovun anası, 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, 167 nömrəli tam orta məktəbin şəhid məzunu Taleh Yusifovun anası, həmin məktəbin müəllimi Süsən Yusifova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Mehriban Vəliyeva 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən bəhs edib. Bildirib ki, Zəfər qazandığımız 44 günlük Vətən Müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.

Mehriban Vəliyeva Vətən Müharibəsində müəllimlərin, təhsil işçilərinin Azərbaycanın müasir tarixindəki müstəsna rolundan  danışıb. Qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın bütövlüyü, Vətənimizin müdafiəsi uğrunda savaşan qəhrəman müəllimlərimizi tanımalıdır.

BŞTİ-nin müdir müavini Anar Məmmədov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu və xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.

Sonra çıxış edən Vətən Müharibəsi iştirakçıları 180 nömrəli tam orta məktəbin müəllimi Əli Abbasov və 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov Qarabağ zəfərini yazanlar sırasında onların da payı olmasından böyük qürur duyduqlarını ifadə ediblər.

Daha sonra paytaxt məktəblilərindən ibarət xorun ifasında Zəfər Gününə həsr olunmuş “Qələbə” və “Ey vətən oğlu” mahnısı səsləndirilib.

Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar qazi müəllimlərə BŞTİ tərəfindən Təşəkkürnamələr təqdim olunub. 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Sarayında 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunmuş “ZəfərFest-3” yaradıcılıq sərgi-festivalında iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin