Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji öhdəlikləri ilə bağlı müzakirələr aparılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini İman Quliyev bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl maarifləndirici işlər həyata keçirilsə də, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Təhlillər göstərir ki, sənədlərin hazırlanması və layihələrin icrası zamanı normativ hüquqi aktların və ekoloji ekspertiza rəylərinin tələblərinə tam riayət olunmur. "Bildiyiniz kimi, ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Bununla əlaqədar bir sıra mühüm qanunvericilik aktları qəbul edilmiş, normativ sənədlərdə dövlət orqanlarının, bələdiyyələrin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir", - deyə qurum rəsmisi vurğulayıb.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov qeyd edib ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqların uçotunun aparılması, onlara düzgün aqro-texniki qulluq göstərilməsi, qəzalı və quru ağaclarla bağlı operativ şəkildə müraciət edilməsi çox önəmli məsələdir. Həmçinin layihələrin icrası zamanı ekoloji normalara riayət olunması - təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin, yaşıllıq balansının qorunub saxlanılması və daha da artırılması xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edən ekspertlər də Sumqayıt şəhəri ərazisində qurumuş, binalara bitişik, yaxud çox yaxın yaşıllıqların, xüsusən bioloji inkişaf dövrünü başa vurmuş qovaq ağaclarının təhlükə yaratdığını, həmçinin bu problemlərdən çıxış yollarını qeyd ediblər. Eyni zamanda hər bir layihənin ətraf mühitə təsiri və kompensasiya mexanizmlərinin qiymətləndirilməsinin, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasının vacibliyindən söz açılıb.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin