Litvanın Vilnüs şəhərində Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP - “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar” layihəsi çərçivəsində tərəfdaşların (Litva, İtaliya, Polşa, Azərbaycan və Qazaxıstan) növbəti görüşü keçirilib.
innews.media xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti və Xəzər Universitetindən 15 nəfərlik nümayəndə heyəti iştirak edib.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyini layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin koordinatoru Məleykə Hüseynova, birliyin İdarə Heyətinin üzvləri Şəhla Xəlilli və Günel Seyidəhmədli təmsil edib.
Vilnüs Gediminas Texniki Universitetində təşkil olunan birinci tədbir günü Litvanın mədəni irsinin mühafizəsi, turizmdə yenilikçi texnologiyalar, turizm sənayesi üçün ən yeni imkanlar, Litva yəhudilərinin tarixi, mədəni irsi və onun qorunması, Litvaya virtual səyahət tətbiqləri barədə professor Arturas Kaklauskas, dosentlər Nataliya Lepkova, Lukas Rekeviçius, Marius Qaladauskas, Antanas Üsas tərəfindən ətraflı təqdimatlar edib, geniş məlumatlar veriblər. Eyni zamanda iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili aparılıb.
Tədbirin ikinci günü nümayəndə heyətinin Litva mədəni irsi ilə tanışlığı məqsədilə Vilnüsün qədim hissəsinə tur təşkil edilib, Qrand Dük sarayı və orada yerləşən arxeoloji muzey, Gediminas qalası, Vilnüs Milli Muzeyi ziyarət olunub.
Tədbirin üçüncü günü Vilnüs Gediminas Texniki Universitetinin “LinkMenu fabriki” laboratoriya binasında təşkil olunmuş iclasda layihənin idarəetmə məsələləri, büdcə, planlama, həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr, qarşıda nəzərdə tutulan fəaliyyətlər, layihənin davamlılığı, ölkələrin təqdimatları müzakirə edilib. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli 2023-cü ildə layihə çərçivəsində həyata keçirilən və növbəti layihə dövrü üçün nəzərdə tutulan fəaliyyətləri əhatə edən hesabat təqdim edib.
Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2021-ci ildən etibarən PİCASP layihəsinin tərəfdaşıdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin