https://innews.media/uploads/news/2023-09/_innews_8e99346a194c10ec313a58944_o.jpg
Yerində deyilən, bütün zamanlar üçün söylənilən ata sözü vardır: "Güc birlikdədir". Güc həm də bilikdədir. Bu gün biliyin və birliyin vəhdət anıdır...
8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bu günün tarixi tanınmış çex şairi, yazıçısı, publisisti, jurnalisti Yulius Fuçikin adı ilə bağlıdır. Y.Fuçik həm də teatr tənqidçisi idi. İkinci Cahan müharibəsinin təşkilatçısı, dünyanı hərbi qanlı tamaşaya çevirən, özü isə baş cani rolunda oynayan Adolf Hitlerin "xəstə" idealogiyasını ifşa etdiyi üçün gestapo tərəfindən həbs edilərək 1943-cü ilin bu günü edam olundu.
Y.Fuçikin adını əbədiləşdirmək üçün 1958-ci ildə "Beynəlxalq Jurnalistlər Təşkilatı" lV Konqresində qəbul etdikləri qərara əsasən Jurnalistlərin Beynəlxalq Həmrəyliyi gününü təsis ediblər. Ölümü ilə dirilik, ismi ilə birlik yaradan Y.Fuçikin adı bu il və bu gün artıq 65-ci dəfədir ki, yenidən dünya jurnalistləri tərəfindən hörmətlə anılır və xatırlanır.
Azərbaycanda jurnalistlərin sağlam birliyi, onlar arasında dostluq bağlarının möhkəmliyi və sadalanacaq bir çox yüksək keyfiyyətlərin özülü, rüşeymi məhz 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradılması ilə bilavasitə bağlıdır.
Yarım əsrdən çox yaşı olan Jurnalistika fakültəsi yarandığı gündən burada əməyi olan hər bir üzvünün gərgin zəhməti, yüksək biliyi sahəsində tökdüyü möhkəm bünövrəsi üzərində əbədi birlik, sarsılmaz əqidə, yüksək elm mərtəbələrini ucaltmışlar. Aydın səmaya ucalan fakültə mərtəbələrindən müstəqil Azərbaycan və onun inkişaf yolu keçən mətbuatı açıq-aydın görünür...
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı müasir Azərbaycan Respublikası sələfinin milli mətbuat ənənələrinə indidə sadiqdir və hər zaman öz milli ruhlu ziyalılarına borcludur.
Bu gün Azərbaycan mətbuatı özünün müasir dövrünü yaşayır. Bu dövr həm də hakimiyyət, xalq və jurnalistləri eyni amal uğrunda, vəhdət halında düşmən qüvvələrə qarşı dəmir yumruqtək möhkəm və güclü olmağa sövq edir. Texnologiya dövründə bu birliyi qorumaq hər birimizin öhtəsinə düşən vətəndaşlıq borcudur.
Hesab edirəm ki, bu gün bu borca daha çox sadiq qalmalı, bu sadiqliyə bir əhd-peyman da bağlamaq lazımdır. Çünki internetin sürətli inkişafı, sosial şəbəkə istifadəçilərinin hədsiz çoxluğu demək olar ki, hər kəsi "jurnalistə" çevirib. Bəzən qərəzli yazılar, qeyri-dəqiq informasiyalarla qarşılaşırıq. Acı bir təəssüflə qeyd edim ki, qeyri-etik ifadələr, əxlaqa zidd paylaşımlar isə ekranlarımızı "bəzəyir", üstəlik də saxta profil altında "qəhrəmanlıq" edənlərin "hesabları" sözün həqiqi və məcazi mənasında həm üzə durur, həm də göz çıxarır. Bütün bu mənfi hallara qarşı sağlam və savadlı media işçiləri ilə yanaşı, həm də sağlam və savadlı cəmiyyət üzvlərinin mütəşəkkil olması, həmrəylik nümayişi mütləqdir.
Unutmayaq ki: güc, qüvvət və qələbə birlikdədir, həmçinin güc, qüvvət və qələbə bilikdədir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü və Beynəlxalq Savadlılıq gününün də üst-üstə düşməsi, hesab edirəm ki, təsadüfi deyil. Dövlətçilik ənənəsini və milliliyi qorumaq naminə həm rəyimiz bir olsun, həm də həmrəyliyimiz.
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin