https://innews.media/uploads/news/2023-08/_innews_c3e9a54ab50d4b70ff1ae874f_o.jpg
“Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib
30 avqust tarixində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, məktəb direktoru Ülfət Nəsirov və digər məktəb nümayəndələri, və benefisiar təşkilatın (“Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi) nümayəndələri iştirak ediblər.
Layihə ərazisi olan Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir. Bu layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının (sahəsi 251.88㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91.297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb. Bu layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılaraq, bölgələrdə təhsil fərqin düzəldilməsi və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.
Ən son xəbərləri səhifəmizdən də izləyin