https://innews.media/uploads/news/2023-08/_innews_6b5ddb576d00eb5064b5e28f2_o.jpg
Müsahibimiz Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə xanım Hacıyevadır.
Səbinə Hacıyeva
Memarlıq üzrə elmlər doktoru, 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.
2005-2009-cu illərdə UNESCO-nun təşəbbüsü ilə Minnesota Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə “Bakı şəhərinin tarixi hissəsi - İçərişəhərin tarixi binalarının inventarlaşması” və Florensiya Universiteti ilə birgə “Mədəni irs və yerli inkişaf” mövzusunda beynəlxalq layihələrə rəhbərlik edib.
Bir sıra tarixi abidələrin bərpa və konservasiya layihələrinin həmmüəllifidir. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub, 2021-ci ildə “Əməkdar memar” fəxri adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.
S.Hacıyeva Azərbaycanın Şəki rayonunda yerləşən qədim məbədin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Birgə Azərbaycan -Norveç “KİŞ” layihəsi, Azərbaycanın Qəbələ rayonunda yerləşən kilsənin bərpasına həsr edilmiş Birgə Azərbaycan -Norveç “NİC” layihəsi, Azərbaycanın Qax rayonunda yerləşən kilsənin konservasiyasına həsr edilmiş Birgə Azərbaycan –ABŞ -nın “Qum” layihəsi, “YUXARI BAŞ” Dövlət Tarix-Memarlıq Qoruğuərazisində memarlıq irsinin bərpası və mühafizəsi, “Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu” ərazisində memarlıq irsinin bərpası və mühafizəsi layihələrinin həyata keçirilməsində iştirak etmiş və həm-müəllifi olmuşdur.
- Ölkəmizdəki tarix-memarlıq abidələrinin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təşkilinə nəzarət necə həyata keçirilir?
- Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş, yəni reyestrə daxil edilmiş 6308 abidədən 4331-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektin mühafizəsinə nəzarət edir. Birbaşa nəzarətin həyata keçirilməsi işi Dövlət Xidmətinin 5 regional idarəsinin abidə mühafizəçiləri vasitəsilə təmin olunur.
Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə bu ilin aprel ayından başlanan monitorinqlər davam etdirilir. Tarix-mədəniyyət abidələrində aparılan monitorinqlərlə abidələrin faktiki durumu, texniki vəziyyəti də öyrənilir. Monitorinqin nəticələri əsasında abidələrin qorunması işinin təkmilləşdirilməsi, onların bərpa və konservasiyası ilə bağlı başlıca istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər həyata keçirilir. Təbii ki, abiədələrin bərpası kifayət qədər zaman və peşəkar yanaşma tələb edən prosesdir. Eyni zamanda abidələr prioritetlərə uyğun olaraq, mərhələlərlə investisiya siyahısına daxil edilir və bərpa-konservasiya işləri həyata keçirilməsi planlaşdırılır. Biz həmçinin bərpa prosesləri üçün dövlət-özəl tərəfdaşlığının qurulması sahəsində də işlər aparırıq.
- Hazırda hansı abidələrdə bərpa işləri aparılır?
- Hazırda Dövlət Xidməti tərəfindən dünya əhəmiyyətli Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilir, eyni zamanda bu günə kimi aparılmış işlər təhlil olunub, ərazidə müasir infrastrukturun yaradılması istiqamətində də layihənin hazırlanması planlaşdırılır.
Daha bir misal, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşmüşdü. Hazırda biz daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görərək, qalanın mühafizəsi, təbii şəraitdən aşınmanın qarşısı alınması istiqamətində zəruri tədbirlər həyata keçirmişik.
Qax rayonunda yerləşən bir neçə abidəyə, o cümlədən Şamaxıda yerləşən bir sıra abidələrə baxış keçirilib və onların bərpası ilə bağlı tədbirlər görülür. Həmçinin “Qobustan”, “İlisu”, “Pir Hüseyn”, “Keşikçidağ”, “Avey” və “Zaqatala” qoruqlarına səfərlər təşkil olunub, qoruqların hazırkı vəziyyəti təhlil olunub, təhlillərin nəticəsinə uyğun tədbirlərin görülməsi planlaşdırılır.
- Son zamanlar paytaxtda və bölgələrdə abidələrə müdaxilə hallarına təsadüf edilir. Bu problemin kompleks həlli ilə bağlı hansı təsirli tədbirlər görülə bilər?
- Bəli, təəssüf ki, abidələrimizə müdaxilə halları ilə tez-tez qarşılaşırıq. Son 6 ay ərzində abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Həm paytaxtda, həm də bölgələrdə yerləşən abidələrə edilən müdaxilələrin qarşısı dərhal alınıb və lazımi tədbirlər görülür.
Müdaxilə faktı qeydə alınan abidələrin mülkiyyətçilərinə, istifadəçilərinə qanunvericiliyin tələbləri izah olunur. Eyni zamanda qəzalı vəziyyətə düşən yaşayış evləri olan abidə-binaların və digərlərinin siyahısı hazırlanıb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Düşünürük ki, tarixi abidələrə münasibəti dəyişmək üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Abidələrin qorunmasına vətəndaşlar xüsusi həssaslıqla yanaşmalıdır. Elə bu fürsətdən faydalanaraq qeyd etmək istəyirəm ki, istifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərin, rayonun bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını xahiş edirik.
- Abidələrin reyestri uzun illər öncə təsdiq edilib. Ötən dövr ərzində yeni abidələr üzə çıxarılıb. Onların reyestrə salınması ilə bağlı nə kimi addımlar atılır?
- Həyata keçiriləcək əsas işlərdən biri də daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsidir. Son siyahı 2001-ci ildə təsdiq edilib. Həmin siyahının yenilənməsinə ciddi ehtiyac vardır. Çünki mövcud reyestrin hazırlanmasından uzun zaman keçib və o siyahıya daxil edilməyən xeyli sayda abidə var. Eyni zamanda aparılmış təhlillər nəticəsində məlum olub ki, siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq və çatışmazlıqlar mövcuddur. Yeni reyestrin hazırlanması həm hazırkı siyahıya daxil edilməyən abidələrin əlavə olunması, həm də faktiki siyahıda yer alan bəzi tarixi abidələrin məlumatlarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və yenilənməsini təmin edəcək. Onu da qeyd edək ki, Naxçıvanda yerləşən abidələrə də baxış keçirilir. Onların mövcud vəziyyəti təhlil olunur və gələcək inkişaf istiqamətləri ilə bağlı strategiyanın hazırlanması nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin