https://innews.media/uploads/news/2023-06/_innews_51da59d5e4ca4bede3d92b02d_o.jpg
Milli Qurtuluş Günü ərəfəsində - iyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və bir neçə təqdimatı özündə birləşdirən tədbir keçirilib.
2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə yanaşı, həm də hakimiyyətə qayıdışının 30 illiyinə təsadüf edir. Bu əlamətdar tarix münasibətilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – 100” adlı instalyasiyasının, “Böyük insanın ömür anları” adlı fotoalbomunun və “İz” sənədli filminin təqdimatları olub.
Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, “İz” sənədli filminin ilk təqdimatı “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilib. Filmə böyük maraq nəzərə alınaraq, onun Bakıda Heydər Əliyev Mərkəzində də təqdimatı təşkil olunub. Anar Ələkbərov Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan “Böyük insanın ömür anları” fotoalbomunda isə Ümummilli Lider Heydər Əliyevin bəzi fotolarının ilk dəfə nəşr olunduğunu bildirib. Fotoalbom Ulu Öndərin həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.
“Heydər Əliyev – 100” instalyasiyasının müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov çıxış edərək vurğulayıb ki, əsər XX əsrin ikinci yarısından etibarən beynəlxalq incəsənət məkanında geniş yayılmaqda olan “op-art” cərəyanı ruhunda ərsəyə gətirilib. Altı ay ərzində hazırlanan kompozisiya Ulu Öndər Heydər Əliyevin portretini canlandırır. Əsərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin rəmzi olaraq bədii vasitə kimi istifadə edilən 100 dirəyin “işığı” dahi şəxsiyyətin əbədiyaşarlığını ifadə edir.
Sonra “Heydər Əliyev – 100” instalyasiyasının təqdimatı keçirilib.
Təqdimatdan sonra çıxış edən Xalq rəssamı Fərhad Xəlilov əsər haqqında təəssüratlarını bölüşərək deyib: “Bu, çox gözəl, nümunəvi bir əsərdir. Bu əsər Azərbaycanın Ulu Öndəri Heydər Əliyevə yaraşır, müasir sənət əsəri kimi diqqətəlayiqdir”.