https://innews.media/uploads/news/2023-05/_innews_ed3c4e7606dab0c374deb14bb_o.jpg
“Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Biləsuvarda yeniyetmə qızların texnologiya və rəqəmsallaşma sahəsində biliklərinin artırıılmasına yönəlik “DigiGirls Biləsuvar” layihəsinin icrası başa çatıb.
İctimai Birlikdən innews.media bildiriblər ki, layihə iki mərhələdən ibarət olmaqla ümumilikdə bir həftəni əhatə edib. Layihənin birinci mərhələsində ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 80 nəfər şagirdə “Müasir dünyamızda informasiya texnologiyalarının rolu”, “Kompüter sənayesi və mühəndislik sahəsində yeni trendlər”, “Proqramlaşdırmanın əsas istiqamətləri” və bir sıra istiqamətlərdə seminarlar keçirilib. Seminar müddətində layihə iştirakçıları həmçinin riyazi-məntiqi təfəkkür, alqoritm və mühəndislik üzrə praktiki tapşırıqlar icra ediblər.
Layihənin növbəti mərhələsində isə texnologiya və rəqəmsallaşma üzrə karyera forumu keçirilib. Ümumilikdə 100-dək gəncin iştirakı ilə keçirilən karyera forumunda peşəkar mütəxəssislərin təqdimatında texniki-texnoloji və rəqəmsallaşma istiqamətləri üzrə ixtisaslar, bu sahədə fəaliyyət göstərən ali təhsil müəssisələri, qəbul qaydaları, beynəlxalq təqaüd proqramları və bu proqramlara müraciət qaydaları haqqında iştirakçılara geniş məlumatlar verilib. Sonda auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
“DigiGirls Biləsuvar” layihəsinin əsas məqsədi Biləsuvarda yaşayan yeniyetmə qızların texnologiya, rəqəmsallaşma, habelə riyazi elmlər sahəsinə marağını artırmaq, habelə bu istiqamətdə fundamental biliklər aşılamaqla ümumilikdə dövlət gənclər siyasətinə töhfələr verməkdir. Layihənin davamlılığının təmin olunması məqsədilə yeniyetmələr arasında bu tip seminar və tədbirlərin mütəmadi qaydada təşkil olunması planlaşdırılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin