https://innews.media/uploads/news/2023-04/_innews_bafbe650e241bb8c064c1c62c_o.jpg
Azərbaycanda müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Ümummilli lider Heydər Əliyevin Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə, AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər. Uzun müzakirələrdən sonra 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin “türk dili” adlandırılması barədə qərar qəbul edilmişdi. Hətta “Türk dili” adlı dərsliklərin çapı da həyata keçirilmişdi. Qeyd edək ki, bu qanunun əslində heç bir hüquqi qüvvəsi yox idi. Çünki 1992-ci ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındakı 73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi. Konstitusiyanın hər hansı maddəsinin dəyişdirilməsi barədə qərar isə, müvafiq qanunvericiliyə görə, üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi. Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarın qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Belə ki, həmin iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak etmişdi. Onlardan yalnız 26 deputat dilimizin “türk dili” adlanmasına, 7 nəfər əleyhinə səs vermişdi. Qalan 6 deputat isə bitərəf olmuşdu. Halbuki qərarın qəbul edilməsi üçün deputatların üçdə ikisinin səsi lazım idi. Ümummilli liderimiz sonralar bu məsələyə toxunarkən demişdir: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır...”
Azərbaycanın maraqları naminə böyük xidmətlər göstərmiş dahi Heydər Əliyev milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ədəbiyyatımıza və incəsənətimizə, xüsusilə ana dilimizə daim xüsusi diqqət göstərirdi. Ulu Öndər deyirdi:- “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”. Məh Ümummilli Liderimizin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21- ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda Ümummilli Lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir.
Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi bu gün də milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrə, dini bayramlara hörmət və ehtiramla yanaşır, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur.
Milli Məclisin deputatı İlham Məmmədov
Ən son xəbərləri səhifəmizdən də izləyin