logo
"Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirilib

"Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirilib

"Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirilib "Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi qalereyasında 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirilib.

Sərgini giriş nitqi ilə açan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev  18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verib, bu əlamətdar günün hər il qoruqda müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Ölkəmizin  bəşər sivilizasiyasının mərkəzlərindən biri kimi çox zəngin  mədəni-mənəvi irsə malik olduğunu əlavə edən  qoruq direktoru sərginin məqsədindən söz açıb, bir çox incəsənət  sahəsinin beşiyi kimi  Qobustanın daim sənətkarların  ilham mənbəyinə, istinad yerinə çevrildiyini, onları yeni-yeni yaradıcılıq axtarışlarına sövq etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə tarixi abidələrin qorunmasına, mühafizəsinə çox böyük diqqət ayrıldığını qeyd edən Vüqar İsayev  bu ənənənin  Prezident cənab  İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Sərgidə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin rəisi Səbinə Hacıyeva  abidələrin təbliği istiqamətində  görülən işlərin əhəmiyyətindən söhbət açıb, keçirilən sərginin eyni zamanda sənətkarların yaradıcılıq prosesinə  stimul verəcəyinə inamını ifadə edib. Qobustan abidələrinin təkcə xalqımız üçün deyil, həmçinin bütün dünya üçün eyni dərəcədə əhəmiyyət daşıdığını qeyd edib. Tarixi abidələrimizin  qorunması və mühafizəsi məsələsinin yalnız bu əlamətdar gündə deyil, hər zaman diqqətdə saxlanılacağına əminliyini dilə gətirib. 

Sərgidə çıxış edən natiqlər - Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev sərginin keçirilməsini yüksək qiymətləndiriblər,

Qobustan mövzusunun Azərbaycan  sənətşünaslığındakı mövqeyindən söhbət açıblar.

Sonra sərgiyə baxış keçirilib.

Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkənin  30 tanınmış və gənc sənətkarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça, keçə, qobelen və dizayn sahələri üzrə 100-dən artıq əl işi nümayiş olunub.

Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

footer
Top