logo
Emin Eminzadə Londonda ilk solo konsertini verib - VİDEO

Emin Eminzadə Londonda ilk solo konsertini verib - VİDEO

Emin Eminzadə Londonda ilk solo konsertini verib - VİDEO Emin Eminzadə Londonda ilk solo konsertini verib - VİDEO

Azərbaycanlı ifaçı, Prezident təqaüdçüsü Emin Eminzadə Londonda ilk solo konsertini verib.

Onun çıxışı Adele, Pink Floyd, Florence + The Machine və başqaları kimi bir çox dünya şöhrətli ulduzlarının çıxış etdiyi tarixi binada - The Tabernacle, Notting Hill baş tutub. İfaçını Berlin Metropolitan Orkestri müşayiət edib. Konsertdə Azərbaycanın Londondakı səfirliyinin nümayəndələri, diplomatlar, musiqiçilər, müğənnilər və Eminin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

O, altı yeni trekdən ibarət olan Don't Tell My Mother albomundan bəstələrini ictimaiyyətə təqdim edib: Bloodline, Aries Soulmate, Beautiful Long Hair, Sociopath, Beggar və Don't Tell My Mother. Bütün mahnılarda azərbaycan milli musiqisindən istifadə olunub. Emin Georg Handelin məşhur əsərlərindən ariyalar da ifa edib.

“Dəstəklərinə görə bütün ailəmə və dostlarıma təşəkkür edirəm. İngiltərədəki debüt konsertimin belə yaxşı keçdiyinə görə şadam”, - deyə Eminzadə bildirib.

Sənətçinin indi arzusu ata-baba yurdunda, Qarabağda solo konsert proqramı ilə çıxış etməkdir. Qeyd edək ki, ifaçı konsertdən əldə etdiyi gəlirin bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək niyyətindədir.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media