https://innews.media/uploads/news/2023-03/_innews_6b5feb68c2adb1245099ef149_o.jpg
Martın 10-u İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nın iştirakçıları Ağdam şəhərinə səfər ediblər.
Xarici İşlər Nazirliyində yenicə faəliyyətə başlayan və Proqramda iştirak edən otuz yeddi gənc diplomat Şahbulaq qalası, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, eləcə də Şəhidlər Xiyabanı və Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi də daxil olmaqla şəhərin görməli yerlərini ziyarət ediblər. Həmçinin iştirakçılar yeni tikilmiş Ağdam Konfrans Mərkəzinə baş çəkərək şəhərin gələcək inkişaf planı ilə tanış olublar.
Qonaqlara Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən azad edilmiş ərazilərimizdə işğaldan öncəki və sonrakı vəziyyəti əks etdirən şəkillər nümayiş etdirilib, həyata keçirilən bərpa-quruculuq işləri və layihələri bərədə məlumat verilib.
Qeyd edək ki, İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən təşkil edilən “Diplomatlar üçün Xarici Siyasət Proqramı” çərçivəsində gənc diplomatlar ötən ilin oktyabr ayından indiyədək ADA Universitetində keçirilən intensiv təlimlərdə iştirak edirlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin