https://innews.media/uploads/news/2023-02/_innews_0471ca8cf40ab5363a3475038_o.jpg
Xalq olaraq əsrlərlə varlığımızı qoruduq. Min bir müsibətlərə sinə gərdik. Sinədağlı insanlarımız əyilmədi, sınmadı: soyqırımların, qırğınların şahidi olsaq da, ağrı-acını illiyimizə qədər hiss etsək də.
Yurddan didərgin düşməyin acısını, əliyalın insanların başına gətirilən bəlaların fəryadını, qəlbimizdə minlərlə şəhid dağını yaşadıq... Xalq Mübariz, Polad oğullar timsalında mübarizləşdi, poladlaşdı.
Tariximizə qanla yazılan Xocalı faciəsindən 31 il ötür. Deyirlər "zaman olanları unutdurur", amma qan donduran həqiqətləri yaddaşdan silmək, düşüncədən kənarlaşdırmaq bir an belə mümkün deyil.
Xocalı ən dərdli faciədir. Bunu insan etdi: insana qarşı, insanlığa qarşı. Yuxarıdakı insan ifadəsinə görə üzr istəyirəm, çünki ali canlı belə bir amansızlıq, vəhşilik törədə bilməz. Belələrinə heç bir ad vermək mümkün deyil.
Xocalılar o qara gün haqqında danışanda, sanki yer-göy lərzəyə gəlir. Qara donlu kafirlərin əlindən qurtulmağı bacaran şahidlər var. Bir də o faciəni yaşayıb danışa bilməyənlər...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə həmin gün təkcə evlərin işıqları sönmədi, yaşamaq üçün olan ümidlər də söndü. İnsan qanına susayanlar öz murdar xislətlərini açıq-aydın göstərdilər.
Xocalıların hər günü atəş səsləri ilə keçirdi, sandılar ki, bu da o günlərdən biridir. İnanmazdılar ki, bir gün qapı açıb, çörək verdikləri bu vandallığı törədərlər.
Həmin qara günün toranlığında insanlar məcbur şəkildə evlərini, orda keçən xatirələri, doğma yurdu tərk etməli oldular. Amma azğınlaşmış düşmən aman vermədi. Kimi qarlı-şaxtalı gündə çıxış yolu kimi meşələrə, çaylara, qonşu rayonlara canlarını götürüb qaçdı, kimi də buzun qılınc kimi kəsən soyuğunda, namərd və şərəfsiz düşmənin gülləsindəcə həyatını itirdi.
O günə insanlığın öldüyü gün deyirəm: Ana övladının ölümünə şahid olur, Ata ailəsini qoruya bilmir, insan insanının çarəsizliyinə baxıb fəryad qoparır.
Xocalı faciəsində 63 günahsız mələk, 106 izzəti uca tutulan qadın, 70 çarəsiz qoca qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
İnsanların başına gətirilən faciələrlə barışmayan igidlər silahlı-silahsız düşmənə müqavimət göstərirdilər. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev insanların imdadına yetişən, düşməni darmadağın edən igid oğullardan idi. Onun şücaəti sayəsində nə qədər insan faciədən qurtula bilmişdir. O, öz insanlıq borcunu yerinə yetirən zaman şəhid olmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov isə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməyi bacarmışdır.
Bu gün dünyanın bir çox ölkələrində Xocalı faciəsinə hüquqi qiymət verilib. Xocalı həqiqətlərini dünya çatdırmaq üçün beynəlxalq addımlar atılıb. Məhz jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar sayəsində düşmənin əsl siması dünyaya bəlli oldu.
Müstəqillik əldə edən dövlətimizin reallıqları gün kimi aydındır: güclü ordumuz, doğru siyasi xətt, xalq və dövlət birliyi... Və bir də genimizdə olan qəhrəmanlıq hissi...
Doğrudur, Xocalı qəlbimizdə əbədi, sağalmayan yaradır. 26 fevral tarixinin məlhəmi 27 sentyabrdı. Şükürlər olsun ki, Azərbaycan oğulları Xocalının qisasını yağı düşməndən layiqincə aldı. Düşmən xar oldu. Bu gün o qəhrəmanların şücaəti olmasaydı 20-ci əsrdə yaşanan faciənin 21-ci əsrdə daha dəhşətlisi yaşanardı. Tarix unudularsa təkrarlanar. Tariximizi unutmayaq ki, təkrarlanmasın. Xocalıda həyatlarını itirən doğmalarımıza və cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik...
Asiman Hafizqızı
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin