https://innews.media/uploads/news/2023-02/_innews_e2da60705799e2b816079c83e_o.jpg
Fevralın 15-də Yaponiyanın Azərbaycandakı səfiri Vada və benefisiar təşkilat qismində çıxış edən Qobustan rayonu Qurbançı bələdiyyəsi arasında “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən innews.media verilən məlumata görə, bu layihənin əsas məqsədi Qobustan rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (6,600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa edərək, mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsidir. Bu layihənin icrası nəticəsində kəndlərin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 90 min ABŞ dolları (təqribən 152 min 100 AZN) məbləğində qrant ayırıb.
Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 284 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23 milyon 890 min ABŞ dollarını (39 min 500 min AZN) keçir.
Qeyd edək ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardım Proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyıb. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.